Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün 68 yaşını qeyd edir. 2016-cı ildə İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn Mirziyoyev ixtisasca mühəndis-mexanikdir. Sovet dövründə və müstəqillikdən sonra kənd təsərrüfatı və regional idarəetmə sahələrində fəaliyyət göstərib.
O, 2001-ci ildən Baş nazir vəzifəsində çalışıb. Uzun illər Kərimovun dövründə formalaşan sərt, qapalı və mərkəzləşdirilmiş idarəetmə sistemində fəaliyyət göstərsə də, prezidentliyi dövründə daha liberal siyasət yürüdüb. Mirziyoyev ölkə daxilində islahatçı imic formalaşdırıb. Təsadüfi deyil ki. Özbəkistan mediası onu “xalqın atası” kimi təqdim edir.
Daha praqmatik və balanslı xarici siyasət
Mirziyoyev hakimiyyət gələndən sonra Özbəkistanın əvvəlki dövrdəki qapalı və təcridçi xarici siyasətini tamamilə dəyişib. Onun əsas hədəflərindən biri Özbəkistanı Mərkəzi Asiyanın lider dövləti statusuna gətirməkdir. Bunun üçün öncə qonşularla münasibətləri bərpa edib.
Qırğızıstan, Tacikistan və Türkmənistanla sərhəd və su problemi kimi əvvəlki gərginliklər aradan qaldırılıb və əməkdaşlıq gücləndirilib. O, Mərkəzi Asiya birliyi təşəbbüsləri ilə çıxış edir, regional liderlər sammitləri təşkil edir, kollektiv inkişaf gündəmini təşviq edir.
Özbəkistan lideri nə tam Rusiya orbitində qalmağa, nə də Çinlə asılı münasibət qurmağa çalışır. Rusiya ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq davam edir (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasa da, Kremllə sıx əlaqələr saxlayır).
Çinlə "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində infrastruktur və nəqliyyat layihələrinə cəlb olunub (dəmir yolları, logistika dəhlizləri və s.). Eyni zamanda Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq istiqamətində islahatçı imicindən istifadə edir, hüquq islahatları, qadın hüquqları və iqtisadi liberallaşma gündəmdə saxlanılır.
Mirziyoyevin dövründə Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv olub və bu sahədə siyasi fəallıq nümayiş etdirib. Türk dövlətləri ilə ticarət, müdafiə və mədəni əlaqələrin dərinləşdirilməsi onun üçün prioritetdir. Türk dünyası daxilində multilateral diplomatiyaya üstünlük verir.
Əfqanıstanın sabitliyi Özbəkistan üçün ticarət və təhlükəsizlik baxımından həyati önəmlidir. Ona görə Mirziyoyev Talibanla müəyyən dərəcədə əməkdaşlıq siyasəti aparır (dəmir yolu, enerji layihələri).
“Yangi O‘zbekiston” markası
Mirziyoyev dövründə “Yangi O‘zbekiston” (“Yeni Özbəkistan”) ifadəsi rəsmi brendə çevrilib. Bu marka onun islahatları üçün ideoloji çərçivə yaradıb. Bu çərçivədə konstitusiya islahatları, təhsil və səhiyyə sahəsində yeniliklər həyata keçirilir. Xüsusilə də bürokratiyanın sadələşdirilməsi və dövlət xidmətlərinin elektronlaşdırılması gündəmin əsas mövzularındandır. İctimai sektorun çevikləşdirilməsi, gənclər üçün imkanların genişləndirilməsi və kənd təsərrüfatında innovasiyaların tətbiqi bu strategiyanın mühüm komponentləridir.
Mirziyoyevin daxili idarəetmədə əsas yeniliklərindən biri yerli özünüidarəetmənin gücləndirilməsi olub. "Mahalla" adlanan yaşayış məhəllələrinin idarəetməsi sistemi Özbəkistan cəmiyyətində önəmli institut sayılır. Prezident bu strukturu gücləndirmək, ona səlahiyyət və vəsait verməklə daha çevik idarəçilik modeli qurmağa çalışıb.
2023-cü ildə "Mahalla va oilani qo‘llab-quvvatlash vazirligi" (Məhəllə və Ailə Dəstəyi Nazirliyi) yaradıldı. Məqsəd mərkəzdən yerlərə gedən qərarları sosial səviyyədə daha çevik tətbiq etmək və əhali ilə birbaşa təmasda olan institutları gücləndirmək idi. Bununla yanaşı, elektron dövlət xidmətlərinin tətbiqi genişləndirildi. “my.gov.uz” və “Xalq qabulxonasi” (xalq qəbulxanası) portalları vasitəsilə vətəndaş-məmur münasibətləri rəqəmsal formada tənzimlənməyə başladı.
Prezidentliyə gəldikdən sonra ilk böyük iqtisadi qərar 2017-ci ildə Özbəkistan somunun sərbəst konvertasiyasına icazə verilməsi oldu. Bu addım həm iqtisadi şəffaflıq, həm də beynəlxalq sərmayənin ölkəyə axını baxımından ciddi dönüş nöqtəsi idi. Daha sonra Gömrük və Vergi sistemlərində sadələşdirmə, yoxlamalara moratoriumlar və kiçik biznesin təşviqi proqramları gəlməyə başladı.
Mirziyoyevin hakimiyyəti dövrü qalmaqalsız keçməyib. 2021-ci ildə Əndican vilayətində yerli icra başçısının mətbuatla sərt davranışı, bəzi bölgələrdə işgəncə və hüquq pozuntuları ilə bağlı yayılan məlumatlar, prezidentin məmurlara canlı yayımda sərt çıxışları gündəmdən düşmədi. Rəsmi izahatlar verildi, vəzifədən çıxarılanlar da oldu, amma bu hadisələr göstərdi ki, sistemin içində hələ də dəyişməyən nüvələr var.
2022-ci ilin yayında Qaraqalpaqıstan bölgəsindəki etirazlar isə birbaşa konstitusiya dəyişikliklərinə qarşı reaksiya idi. Ölkə rəhbərliyi tez reaksiya verdi, dəyişiklik təxirə salındı.
Beləliklə, Mirziyoyev 68 yaşını artıq 9 ildir davam edən transformasiya prosesi içərisində qarşılayır. Praqmatik siyasət onun əsas devizidir, islahatçı imici formalaşsa da, Kərimov dövründən qalan problemlər hələ də tam həll edilməyib və ara-sıra bu problemlər üzə çıxır. Buna baxmayaraq Mirziyoyevin hakimiyyəti dövründə Özbəkistan yeni və daha yaxşı mərhələyə qədəm qoyub. O, ölkəsini yeni bir yol ayrıcına çıxarıb və həmin yolun hansı istiqamətə aparacağı indi həm onun, həm də Özbəkistan cəmiyyətinin qarşısındakı əsas sualdır.
Elnur Əmirov