Modern.az

Dəhlizlə bağlı qərarı Ermənistan özü verməlidir - Deputat

Dəhlizlə bağlı qərarı Ermənistan özü verməlidir - Deputat

Dünya

26 İyul 2025, 12:45

İspaniyanın “Periodista Digital” nəşrinin yaydığı məlumata görə, Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarətlə bağlı gizli memorandum imzalanıb. İddiaya görə, “Tramp körpüsü” adlandırılan bu 42 kilometrlik dəhliz bir Amerika şirkəti tərəfindən idarə ediləcək və gəlirin böyük hissəsi həmin şirkətə və Ermənistana çatacaq.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi Ermənistan ərazisidir.

O bildirib ki, elə bu səbəbdən həmin dəhlizlə bağlı qərarı da Ermənistan özü verməlidir:

“Azərbaycan üçün vacib olan, respublikanın bu ərazisi ilə Naxçıvan bölgəsi arasında gediş-gəlişin Ermənistan tərəfindən təmin olunmasıdır. Ermənistan bunu etməyə borcludur. Beynəlxalq hüquqa görə, eyni zamanda beynəlxalq təcrübədə də bir ölkənin ərazisi digər ölkənin ərazisi ilə iki yerə bölünərsə, keçid üçün şərait yaradılmalıdır. Görünür, Ermənistanda bəzi dairələr Zəngəzur dəhlizi adını siyasi gündəmdən çıxarmaq üçün onu tələsik ABŞ-ın indiki liderinin adı ilə hallandırırlar. Mətbuatda həmin dəhlizin idarə edilməsi ilə bağlı ABŞ şirkətinə dair məlumatlar dolaşır. Mümkündür ki, Ermənistan bununla ABŞ-ın özünə marağını artırmağa və ya qərbyönlü siyasətini daha da gücləndirməyə çalışır”.

Millət vəkili əlavə edib ki, Ermənistanın qərbyönlü siyasətini gücləndirməsi bizim üçün maraqlı deyil. Azərbaycan burada öz hüququnu tələb edir:

“Bu problemin həlli eyni zamanda Ermənistan üçün də vacibdir. Çünki sözügedən dəhlizdən yalnız Azərbaycan yükləri və vətəndaşları deyil, digər ölkələrin də nəqliyyatı və insanları istifadə edəcək, Ermənistan isə bundan gömrük haqqı kimi gəlir əldə edə bilər. O ki qaldı dəhlizin adlandırılması məsələsinə bu Ermənistanın daxili işidir”.

Deputat onu da qeyd edib ki, Ermənistan tərəfindən dəfələrlə, hansısa ölkə liderinə xoş görünmək üçün onun adından istifadə edilməsi və sonra həmin adın dəyişdirilməsi halları beynəlxalq təcrübədə kifayət qədər müşahidə olunub:

“Vurğulamaq lazımdır ki, Ermənistanın onu necə adlandırmasından asılı olmayaraq, Azərbaycan və dünya üçün bu yol Zəngəzur dəhlizidir. Çünki o, tarixən Zəngəzur torpağıdır və ötən əsrin əvvəllərində bu ərazi ikiyə bölünərək onun bir hissəsi olan - Qərbi Zəngəzur Ermənistan ərazisinə verilib”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək