Cəmi 43 kilometr uzunluğunda olan Zəngəzur dəhlizi artıq Cənubi Qafqazın sərhədlərini aşıb və qlobal siyasət üçün strateji əhəmiyyət daşıyır.
Modern.az-ın məlumatına görə, “N.Trans Lab” nəqliyyat və logistika üzrə ekspert kanalında yayımlanan təhlildə vurğulanır ki, Azərbaycan və Türkiyəni birləşdirəcək bu yol Ermənistan ərazisindən keçməklə Mərkəzi Asiya ölkələri ilə Türkiyəni birləşdirəcək Orta Dəhlizin mühüm hissəsidir.
Dəhlizin yaradılması Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə əsas tələblərindən biridir.
Ekspertlər qeyd edir ki, dəhlizin iqtisadi əhəmiyyətindən daha çox onun geosiyasi çəkisi böyükdür. İran və əvvəllər Rusiya bu layihəyə qarşı çıxıb, çünki Zəngəzur dəhlizi Türkiyə, Cənubi Qafqaz və Avropanın Mərkəzi Asiya ilə ticarətində İran və Rusiyanı kənarda qoyur. Bu da Tehran və Moskvanın bölgədəki mövqelərinə təhdid yaradır.
Zəngəzur dəhlizinin iqtisadi potensialı
Dünya Bankının modelləşdirməsinə əsasən, 2027-ci ilə qədər Zəngəzur dəhlizi ilə illik ticarət dövriyyəsi 50–100 milyon dollar arasında ola bilər. "Bloomberg"ə görə, dəhliz Asiya ilə Avropa arasında tranzit vaxtını mövcud marşrutlara nisbətən 12–15 gün azalda bilər.
Kaspiy Siyasət Mərkəzi layihə üçün ilkin infrastruktur xərclərini 3–5 milyon dollar səviyyəsində qiymətləndirir. “Oxford Economics” isə illik logistik qənaətin 20–30 milyon dollar olacağını bildirir. Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə bu layihənin ölkənin qeyri-neft ixracını 700 milyon dollardan çox artıracağını və ÜDM-də ildə 2% artım yaradacağını proqnozlaşdırır.
Zəngəzur dəhlizi həm də siyasi ittifaqların formalaşmasında katalizator rolunu oynaya bilər. Əgər dəhliz Ermənistanla Azərbaycan arasında razılaşma yolu ilə gerçəkləşərsə, bu, Türkiyənin həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada mövqeyini gücləndirəcək. Eyni zamanda, Rusiya bu bölgələrdə öz vasitəçilik funksiyasını və iqtisadi rolunu qismən itirə bilər. Moskva həm də Avropa enerji bazarlarında təsir imkanlarını zəiflədə bilər.
İran isə hər il Mərkəzi Asiyaya keçən 43 min türk yük maşını da daxil olmaqla, öz tranzit rolunun 20–30%-ni itirmək təhlükəsi ilə üzləşir.
Çin bu dəhliz vasitəsilə yeni logistika marşrutu və daha səmərəli ticarət imkanları qazanacaq. Lakin eyni zamanda, Mərkəzi Asiya ölkələrinin iqtisadi idarəetməsindəki dominant rolunu itirə bilər. ABŞ və Qərb ölkələri isə bu layihə fonunda Cənubi Qafqazda Çinlə təsir rəqabətinə girirlər.
Alternativ ssenari kimi ABŞ-ın Zəngəzur dəhlizini 100 illik müddətə icarəyə götürmək təklifi də qeyd olunur. Bu plan Vaşinqton üçün riskli, lakin yüksək paylı diplomatik addım kimi qiymətləndirilir. Məqsəd Rusiya və İrandan Avropaya enerji tədarükünü diversifikasiya etmək, Çin, Rusiya və İranın regiondakı təsirini azaltmaqdır.
Bu yanaşma bölgədə yeni gərginlik vektorları yaradır. İran üçün bu yalnız iqtisadi deyil, həm də hərbi baxımdan təhdiddir.
Beləliklə, 43 kilometrlik yol olan Zəngəzur dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil. Bu, qlobal diplomatiyanın sınaq meydanına çevrilmiş, çoxqütblü dünyanın yeni nizamının formalaşmasında iştirak edən strateji təşəbbüsdür. Layihənin uğuru və ya uğursuzluğu yeni güc mərkəzlərinin möhkəmlənməsinə və ya ABŞ-ın nüfuzunun bərpasına səbəb ola bilər.