Son həftələr Ermənistandakı 102-ci Rusiya hərbi bazasına çoxlu sayda hərbi texnika və sursat gətirilib.
Modern.az-ın məlumatına görə, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazıb.
Qeyd olunur ki, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir.
Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.
Qəzet, həmçinin qeyd edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Xatırladaq ki, bundan əvvəl Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatına istinadən bu barədə məlumat yayıb. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır. Bildirilib ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.
Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.
2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.
Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.