Modern.az

Rusiyanın məşhur şirkətinin informasiya sistemi DAĞIDILDI

Rusiyanın məşhur şirkətinin informasiya sistemi DAĞIDILDI

Dünya

28 İyul 2025, 14:50

Hakerlər Rusiyanın “Aeroflot” aviaşirkətinin informasiya sistemini məhv ediblər. 

Modern.az xəbər verir ki, bu barədə “Lenta.ru” portalı məlumat yayıb.

Portal qeyd edib ki, haker hücumu nəticəsində Şeremetyevo aeroportunda onlarla yerli və beynəlxalq reys ləğv edilib. Aviaşirkətin informasiya sisteminə hücum məsuliyyətini iki haker qrupu öz üzərinə götürüb. Rusiya mediası onların ukraynalı olduğunu iddia edir.

“Aeroflot” bu gün səhər aviaşirkətin informasiya sistemlərində nasazlıq olduğunu və sərnişinlərə xidmətdə fasilələr yarana biləcəyini təsdiqləyib. Şirkət sərnişinləri hava limanının internet saytlarının onlayn lövhələrindəki məlumatlara və səsgücləndirici vasitəsilə anonslara nəzarət etməyə çağırıb. “Mütəxəssislər qrupu uçuş planının yerinə yetirilməsi risklərini minimuma endirmək və xidmətlərin normal fəaliyyətini tez bir zamanda bərpa etmək üçün çalışır”, - deyə aviaşirkət əlavə edib.

Nasazlıq səbəbindən Moskvadan uçan və əks istiqamətdə bir çox uçuş ləğv edilib. Onların arasında Həştərxan, Qroznı, Yekaterinburq, İrəvan, Kalininqrad, Kazan, Mineralnıye Vodı, Sankt-Peterburq, Stavropol, Soçi və digər şəhərlərə uçuşlar var. Ən azı daha yeddi uçuş isə gecikir.

Ləğv edilmiş reyslərin sərnişinlərinə tövsiyə edilib ki, “sıxlığın qarşısını almaq üçün” Şeremetyevo hava limanını tərk etsinlər. Onlar, həmçinin yaxın 10 gün ərzində reyslər üçün pulu geri ala və ya yenidən bron edə bilərlər, baxmayaraq ki, bu, aeroport kassalarında müvəqqəti olaraq mümkün deyil.

İnformasiya sisteminin çökməsi Rusiya nəqliyyat prokurorluğunun diqqətini cəlb edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var