Modern.az

Fidan diplomatiyası: Yüksək səslə danışmır, amma hamı onu dinləyir

Fidan diplomatiyası: Yüksək səslə danışmır, amma hamı onu dinləyir

Dünya

5 Avqust 2025, 14:52

Türkiyənin xarici siyasətində son bir ildə müşahidə olunan dərin dəyişikliklərin arxasında uzun illər kəşfiyyat sahəsində formalaşmış, indi isə diplomatiyanın səssiz liderinə çevrilmiş bir şəxs dayanır. Söhbət Türkiyənin xarici işlər naziri Hakan Fidandan gedir.

Modern.az-ın məlumatına görə, "Türkiyə" qəzetində dərc edilən məqalədə deyilir ki, Rəcəb Tayyib Ərdoğanın "sirr küpüm" adlandırdığı diplomat-kəşfiyyatçı artıq sadəcə bir dövlət məmuru deyil, o yeni bir doktrinanın - Fidan doktrinasının müəllifidir.

13 il Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri olaraq dünyanın ən mürəkkəb coğrafiyalarında informasiyanı silaha, təhlili diplomatik gücə çevirən Fidan indi bu təcrübəni Türkiyənin xarici siyasətinin təməl daşına çevirib.

Qəzet qeyd edir ki, o, kamera qarşısında çox görünməsə də, danışıqlar masasında proseslərə yön verən fiqura çevrilib.

NATO diplomatlarından biri onu belə ifadə edib: “Fidan otağa daxil olanda yüksək səslə danışmaz. Amma otaqdakıların hamısı onu dinləyir.”

Fidanın xarici siyasət yanaşması klassik "reaksioner diplomatiya", yəni proseslərə sadəcə münasibət bildirən diplomatiya anlayışını alt-üst edir. Onunla birlikdə Ankara artıq proseslərin arxasınca getməyən, əksinə, o proseslərin gedişatını əvvəlcədən dizayn edən gücə çevrilib. Bu yanaşma müxtəlif adlarla səslənsə də, Ankara diplomatik çevrələrində bu doktrina belə izah edilir “Böhrandan masaya, müharibədən sülhə...”

Doktrinanın təməl prinsipləri aşağıdakı kimidir:

360 dərəcə diplomatik baxış – yalnız Qərbə deyil, Şərqə, Afrikaya və Mərkəzi Asiyaya da yönələn çoxşaxəli siyasət.

Təhlükəsizlik və diplomatiyanın inteqrasiyası – PKK və İŞİD kimi aktorlarla yalnız hərbi yox, siyasi vasitələrlə də mübarizə.

Proaktiv diplomatik təşəbbüslər – Suriya, Qəzza, Sudan, Ukrayna və digər münaqişələrdə vasitəçilik.

Fidanın İraqda və Suriyada həyata keçirdiyi strategiyalar onun kəşfiyyat təcrübəsinin diplomatiyaya necə çevrildiyini aydın göstərir. Bağdad və Ərbil ilə üçlü mexanizmin qurulması, strateji təhlükəsizlik sazişi Türkiyənin İraq ərazisində həyata keçirdiyi əməliyyatların hüquqi və diplomatik əsasını gücləndirib.

Suriyada isə Əsəd sonrası dövrdə Fidan liderliyindəki Türkiyə diplomatiyası yeni idarəçiliyə dəstək verən, mühacirlərin təhlükəsiz qayıdışını təmin edən və bölgədə yeni enerji infrastrukturunun qurulmasına öncüllük edən gücə çevrilib. Fidanın “Suriya artıq geriyə baxmamalı, gələcəyə fokuslanmalıdır” fikri, yalnız Ankara deyil, Doha və Bakı daxil olmaqla regionda geniş rezonans doğurub.

Fidanın liderliyi ilə qurulan Qəzza Təmas Qrupu çərçivəsində Türkiyə Qəzza böhranında həm insani yardım, həm də siyasi proseslərdə aparıcı rol oynayıb. Madrid, Doha və Antalya görüşlərində Fidanın iştirakı nəticəsində İspaniya, Norveç və İrlandiya Fələstin dövlətini tanıyıb. Fransa və Finlandiyada da siyasi mövqelər dəyişməyə başlayıb.

Hakan Fidanın diplomatiyası yalnız Şərqə deyil, Qərbə də yönəlib. ABŞ-da F-35 proqramına qayıdış və CAATSA sanksiyalarının ləğvi üçün aparılan danışıqlar nəticəsində Trampdan “mümkündür” mesajı alınıb.

Almaniya, Macarıstan, İtaliya və İngiltərə ilə müdafiə sənayesi və enerji əməkdaşlığı isə Avropa ilə balanslı münasibətlərin nümunəsidir. Fidanın HÜRJET, Eurofighter Typhoon və enerji təhlükəsizliyi üzrə təşəbbüsləri NATO çərçivəsində Türkiyənin çəkisini artırmaqdadır.

Rusya-Ukrayna müharibəsində vasitəçilik, Somali-Efiopiya danışıqları, Sudan-BƏƏ gərginliyi və Asiyada (Əfqanıstan, Pakistan, Filippin) yürüdülən təşəbbüslər Fidanın diplomatik mühəndisliyinin məhsuludur. Bu gün İstanbul və Antalya artıq yalnız turizm yox, barış diplomatiyasının da mərkəzləridir.

2025-ci ilin mayında 2 min nəfərlik Rusya-Ukrayna əsir mübadiləsi Türkiyənin tarixində diplomatik uğur olaraq yazılıb. Bu əməliyyata birbaşa Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın rəhbərlik etdi.

Fidan haqqında danışanlar onu bir çox metaforla təsvir edirlər. Yunan mediası onu “sakit, lakin təhlükəli şirin təbəssümlə” xarakterizə edir. Diplomatik çevrələrdə “əl sıxdıqda gülümsəyər, amma hiss etmədən barmaqlarınızı itirə bilərsiniz” tipli zarafatlar dolaşır. İsrail mətbuatı isə onu “Türkiyənin növbəti prezidenti ola biləcək strateji risk” kimi dəyərləndirir.

Həqiqət isə budur ki, Fidan siyasi deyil, sistem fiqurudur. Klassik diplomatlardan fərqli olaraq, o, xarici siyasətə “dərin dövlət”in praqmatik və analitik kodları ilə yanaşır. O, nə şoumen diplomatdır, nə də populist siyasətçi. O, sistematik planlarla, sənədlərlə, səssiz danışıqlarla və geniş kəşfiyyat analizləri ilə işləyir.

Fidan doktrinası ilə Türkiyə artıq nə Qərbə bağlı, nə də yalnız Şərqə yönəlmiş bir ölkədir. O, öz mərkəzində duran, bütün istiqamətlərə təsir edən aktor halına gəlib. Hakan Fidan isə bu yeni Türk xarici siyasətinin ruhudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir