Modern.az

Vaşinqtonda həlledici addımlara nail olmaq mümkündür - RƏY

Vaşinqtonda həlledici addımlara nail olmaq mümkündür - RƏY

Dünya

7 Avqust 2025, 17:13

Sabah ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə görüş keçiriləcək.

Məlumata görə, Ermənistan və Azərbaycan liderləri ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar.

Qeyd edək ki, Azərbaycan sülh sazişinin imzalanmasının yekunlaşdırılması üçün Minsk Qrupunun buraxılmasının labüd olduğunu bəyan edib.

Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, rəsmi Bakı hesab edir ki, Ermənistan Azərbaycanın hərbi-siyasi qələbələri ilə yaranmış və beynəlxalq hüququn aliliyinində ehtiva olunan mövcud status-kvonu tanımalı, münaqişənin başa çatması reallığı ilə barışmalıdır: “Bunun üçün şifahi bəyanatların heç bir önəmi yoxdur və Ermənistan bir zamanlar münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasına dair konkret mövqe ifadə etməklə cari status-kvonu qəbul etdiyini göstərə bilər. 

"Onsuz da, sirr deyil ki, ATƏT-in Minsk qrupu heç bir funksionallığa malik olmayan ölü bir institutdur. Üstəlik bu struktur fəaliyyəti dövründə nəinki hər hansı irəliləyişə nail olmaq, əksinə işğal və təcavüzdə ehtiva olunan münaqişənin davamlılığında maraqlı tərəf kimi çıxış etmiş, sülh prosesini inhisara almaqla real səmərə verə biləcək amil və addımları nizamlama prosesindən kənar saxlamışdı. Bu mənada, yarandığı gündən heç bir formada etimad təlqin etməyən bir strukturun 5 il öncə mandatının əsasında dayanan problemin həlli fonunda formal olaraq "mövcudiyyətini qorumağa çalışması" Ermənistana heç nə vəd edə bilməz”.

Millət vəkili onu da əlavə edib ki, Ermənistan dövləti özünün təcavüzkar mahiyyətli milli ideoloji hədəflərindən imtina etməsə də və erməni cəmiyyəti revanşist əhvaldan geri çəkilməsə də, gedişat göstərir ki, İrəvan artıq Azərbaycanın geri dönüşü olmayan bir geosiyasi konfiqurasiya yaratdığının və Ermənistanın sülhə əngəl kimi çıxış etdikcə dalan və qeyri-suveren dövlət statusunun dərinləşdiyinin fərqindədir:

“Üstəlik davamlı şəkildə Ermənistanı münaqişənin həllindən yayındıran qüvvələrin heç birinin regionda nə Azərbaycan qarşısında şansı yoxdur, nə də Ermənistana hər hansı fayda vəd edə bilməz. Bu mənada, ötən dövr ərzində əldə olunan müsbət meyillərə əsaslanaraq Ermənistanın süni əngəlləri və kənar müdaxilələri bir kənara qoyub sülhə doğru addımlaması bu ölkə üçün yeganə nicat yoludur.

Qısa müddət öncə Əbu-Dabidə də ifadə olunan iradəyə əsaslanaraq demək olar ki, Ermənistan kənar təsirlərdən azad düşünəcək qətiyyət tapa bilsə, sülh müqaviləsinin imzalanması tam realdır və bu mənada, bölgəyə artıq daha praqmatik baxışa malik olan və Demokratlar iqtidarından fərqli olaraq regionda maraqlarını münaqişədə yox, sülh və sabitlik şəraitində əməkdaşlıqda görən Tramp administrasiyasının cəhdləri dayanıqlı sülh üçün yaxşı şansa çevrilə bilər. 

Ermənistan üzərində digər dövlətlərin də təsir imkanlarını, o cümlədən bu ölkə daxilində qeyri-stabil durumu nəzərə alaraq proqnozlaşdırmaq, təbii ki, asan deyil, lakin ümid etmək olar ki, Vaşinqton görüşündə sülh istiqamətində ciddi və hətta həlledici addımlara nail olmaq mümkündür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir