Modern.az

Türkiyədən Vaşinqton görüşünə VACİB REAKSİYA

Türkiyədən Vaşinqton görüşünə VACİB REAKSİYA

Dünya

8 Avqust 2025, 12:35

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib. Səfər bir çox cəhətdən tarixi əhəmiyyətə malikdir.

Səfər çərçivəsində imzalanacaq sənədlər onun tarixi əhəmiyyəti ilə bağlı mühüm mesajlar verir. Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.

Belə ki, artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər çərçivəsində bir sıra tarixi sənədlərin imzalanması gözlənilir. Bunlara Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik və sair daxildir.

Proses təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilir. Bu prosesin ən mühüm iştirakçılarından biri isə şübhəsiz ki Türkiyədir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, Ankara Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev arasında Ağ Evdə keçiriləcək sülh sazişinin imzalanma mərasimini yaxından izləyir.

O qeyd edib ki, zirvədə Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən rəsmi sülh sazişi və ya birgə bəyannamənin imzalanması gözlənilir və bu sənəd iki ölkə arasında diplomatik və ticarət əlaqələrinin normallaşması üçün zəmin yaradacaq.

“Bu baxımdan diqqət çəkən əsas məqam Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək tranzit dəhlizin açılmasıdır. Anlaşmanın əvvəlki dövrlərdə Minsk Qrupunun rolunu sona çatdıracaq şəkildə hazırlanması mümkündür”.

Ş.Ayrım əlavə edib ki, hər şeydən əvvəl Türkiyə dəfələrlə Azərbaycanın istədiyi şəkildə bir sülh sazişinin imzalanmasının son dərəcə vacib olduğunu bildirib və bu prosesdə Azərbaycanın yanında olduğunu vurğulayıb:

“Türkiyə Azərbaycanla olan coğrafi iqtisadi və tarixi bağları səbəbilə bu dəhliz açıldıqda Azərbaycan üzərindən Ermənistana və oradan da Türkiyəyə nəqliyyat imkanının yaranacağını görür. Beləliklə Cənubi Qafqazda yeni ticarət marşrutları və enerji xətləri inkişaf edə bilər.

Bundan əlavə Ermənistanın Türkiyə ilə sərhəd qapılarını açmasının da önü açıla bilər bu isə qarşılıqlı sərmayələr və ticarət inteqrasiyası baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilə bilər”.

O həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin ABŞ nəzarətində həyata keçirilməsi Moskvanın bölgədəki təsirinin azaldığını göstərir.

“Türkiyə bu inkişafı bölgədə Qərb aktorlarının təsirinin artması və öz xarici siyasət şəbəkəsi baxımından müsbət dəyərləndirə bilər.

Türkiyə hesab edir ki, Azərbaycan Ermənistan sülhü bölgədə sabitlik yaradacaq təhlükəsizlik mühitini yaxşılaşdıracaq. Eyni zamanda enerji və ticarət axınını artıraraq iqtisadi qazanc təmin edə bilər. Sülh prosesinin geri dönməz bir mərhələyə çatması isə Türkiyə baxımından da regional əməkdaşlığı gücləndirə bilər.

Türkiyə bu tarixi sülh təşəbbüsünü regional sabitlik iqtisadi inteqrasiya və Qərblə yeni əməkdaşlıq imkanları baxımından yaxından izləyir. Dəhlizin Türkiyə iqtisadiyyatına və xarici siyasətinə verə biləcəyi töhfələr qiymətləndirilir, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin yenidən normallaşması üçün də müsbət bir inkişaf ola biləcəyi düşünülür”,- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir