Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da imzalanan sənədin Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcəyinə əmin olduğunu bildirib.
Modern.az-ın məlumatına görə, Paşinyan xatırladıb ki, Ermənistanın Rusiya ilə 30 ildir dəmir yolu əlaqəsi olmayıb, lakin yeni razılaşma ilə ölkə həm də Mərkəzi Asiya ilə bağlantı əldə edəcək.
Onun sözlərinə görə, bu marşrut eyni zamanda Çinə regiona çıxış imkanı yaradacaq.
Baş nazir qeyd edib ki, bəzi nəzəriyyələrdə bu prosesin Rusiya və İran üçün mənfi nəticələr doğura biləcəyi iddia olunur.
Lakin o, məsələyə başqa prizmadan baxmağı təklif edib, bunun Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq üçün yaxşı imkan yarada biləcəyini vurğulayıb.
Avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıblar. Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, həmçinin Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi məsələlər yer alıb.