Modern.az

Zəngəzur dəhlizinin açılışında Tramp da iştirak EDƏ BİLƏR

Zəngəzur dəhlizinin açılışında Tramp da iştirak EDƏ BİLƏR

Dünya

11 Avqust 2025, 13:00

Ötən həftə Vaşinqtonda baş tutmuş görüş çərçivəsində dünya siyasətində mühüm dönüş nöqtələrindən biri baş verdi. ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Birgə Bəyannamə ilə Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı qoyulub.

Sənəddə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin rəsmi şəkildə başa çatdırılması və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin – yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) yaradılması kimi mühüm müddəalar yer alıb.

"Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik", - imzalanan Birgə Bəyannamədə qeyd edilir.

Milli Məclisin deputatı Azər Allahverənov Modern.az-a açıqlamasında bildirib ki, Vaşinqtonda keçirilən sammitin nəticəsi olaraq mətbuat nümayəndələrinin suallarını cavablandıran Donald Tramp Azərbaycan və Ermənistana səfəri ilə bağlı məsələyə toxundu:

“Tramp Azərbaycanlı jurnalistin sualına cavab olaraq diplomatik şəkildə hansı ölkəyə birinci səfər etməsinin nə dərəcədə doğru olduğunu vurğuladı. O bildirdi ki, əgər Azərbaycana səfər edərsə, bu Ermənistan tərəfindən birmənalı qarşılanmaya bilər. Və ya əksinə, çünki Tramp faktiki olaraq bildirdi ki, həm Azərbaycan, həm də Ermənistan onun üçün eyni statusda olan ölkələrdir”.

Millət vəkili qeyd edib ki, əldə olunmuş ciddi razılaşmalar var:

“Hər üç ölkənin rəhbərliyi bu razılıqlara imza atıb. Bu baxımdan, nəzəri cəhətdən deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması və ya “Tramp yolu”nun adlandırılması beynəlxalq sülh və rifah naminə atılan addım kimi qiymətləndirilə bilər”.

Deputat söyləyib ki, bu yolun açılış mərasimində Donald Trampın iştirak etməsi mümkündür:

“Nəticə etibarilə, bu yol nə Azərbaycan ərazisi, nə də Ermənistan ərazisi kimi dəyərləndiriləcək. Çünki burada konsesiya - 99 illik icarə məsələsi gündəmdədir. Yəni bu ərazi faktiki olaraq nəzərdə tutulan müddət ərzində istifadəyə veriləcək və bu da sırf Zəngəzur dəhlizi üzərində olan bir səfər kimi qiymətləndirilə bilər.

Belə olduğu təqdirdə, düşünürəm ki, Zəngəzur dəhlizinin faktiki başlanğıcı artıq müəyyən olunub. Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən yol var və bu yol Ağbənddən başlayaraq Ermənistanla sərhəddə birləşir. “Tramp yolu”nun açılışında Trampın iştirakı və ora hansı vasitə ilə gəlməsi artıq ikinci dərəcəlidir. Əsas məsələ -  bu rəsmi açılışda  özünün iştirak etməsidir. Zənnimcə, əgər Trampın səfəri nəzərdə tutulursa, o hətta Füzuli Beynəlxalq Hava Limanına gələ, oradan isə bu istiqamətə hərəkət edə bilər”.

A.Allahverənov vurğulayıb ki, bu məqamda təbii olaraq, belə bir sual yarana bilər. Niyə məhz Tramp bu yolun açılışında iştirak etməlidir?

“Burada bir haşiyəyə çıxmaq istərdim - Tramp bir çox münaqişələrin həllində iştirak edib, amma onların heç birində birbaşa təmsil olunmayıb. Lakin bu münaqişənin formatı fərqlidir. Bu dəfə nəticə olaraq konkret bir yolun istifadəyə verilməsi, kommunikasiyanın açılması məsələsi gündəmdədir. Həmin kommunikasiya isə birbaşa ABŞ-a Ermənistan tərəfindən 99 illik icarəyə verilmiş ərazini əhatə edir. Belə olduğu təqdirdə, Trampın burada təmsil olunması beynəlxalq hüquq baxımından ABŞ ərazisində olması kimi də şərh oluna bilər”.

Millət vəkilinin sözlərinə görə, istənilən halda burada siyasi məqamlar mövcuddur:

“Mövcud vəziyyətdən çıxış edərək demək olar ki, bu gün belə bir ssenari mümkündür, amma sabah geosiyasi şəraitin dəyişməsindən asılı olaraq vəziyyət tamamilə fərqli şəkil ala bilər.

907-ci düzəlişin ləğvi və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə bəyanatlar olduqca mühüm hadisələrdir. Vaşinqtonda baş tutan bu sammit bütün parametrlərə görə mühüm və tarixi bir görüş kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan arasında post-münaqişə dövrünün daha intensiv şəkildə davam etməsi, sülh müqaviləsinin tezliklə imzalanması istiqamətində atılan bu addımlar olduqca vacibdir.

Vaşinqton sammiti həm Azərbaycan-Ermənistan münasibətləri kontekstində, həm də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı regional inkişafın gerçəkləşməsi baxımından əhəmiyyətli bir hadisədir. Azərbaycan-ABŞ münasibətlərinin tamamilə yeni mərhələyə keçidinin təmin olunması və gələcəkdə strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün də zəruri addımların atılmasına dair razılığın əldə olunması baxımından Vaşinqton sammiti mühüm rol oynadı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza