Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Zəngəzur dəhlizi razılaşmasına və Ermənistan-Azərbaycan bəyannaməsinə münasibət bildirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ter-Petrosyan mövzu barədə açıq danışmaqdan çəkinib:
"Hakimiyyət təbii ki, sevinir, bunu ən böyük uğurlarından biri hesab edir. Parlament müxalifəti isə təbii ki, sazişdə nəinki müsbət heç nə görmür, əksinə, onun icrasının dağıdıcı nəticələrini proqnozlaşdırır. Mənə ünvanlanan suala gəlincə, hələlik cavab verməkdən çəkinirəm, çünki əminəm ki, buna yalnız razılılaşma gerçəkləşəndən sonra cavab vermək mümkün olacaq.
Dost İran rəsmilərinin müxtəlif qiymətləndirmələri və xüsusən də Rusiyanın demək olar ki, tamamilə susması məni hələ də bir qədər çaşdırır. İran diplomatiyası o qədər incədir ki, onu dərhal tanımaq bəzən çətin olur. Lakin öz təcrübəmə əsaslanaraq, sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa edəndən bəri İran Ermənistana qarşı nəinki narazılıq və ya irad bildirməyib, hətta bizim bütün müraciətlərimizə müsbət cavab verib. Bir sözlə, mən Ermənistanla İran arasında 30 ildən artıq davam edən münasibətlərdə hər hansı anlaşılmazlıq görməmişəm”, - Levon Ter-Petrosyan qeyd edib.