Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamə ilə Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi adlandırılan dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.
Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik mühüm infrastruktur layihəsidir. Tikinti və bərpa prosesi layihədə nəzərdə tutulan texniki tələblərdən və gələcək istifadəyə dair planlardan asılı olaraq formalaşır. Bu dəhliz, həmçinin enerji, rabitə və logistika sahələrini birləşdirən kompleks sistem kimi nəzərdə tutulur. Elə bu məqamda Zəngəzur dəhlizinin tikintisinin nə qədər müddətə yekunlaşacağına dair sual yaranır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin tikinti müddəti layihənin texniki şərtlərindən asılıdır. Onun sözlərinə görə, görüləcək işlərin həcmi, yolun hansı təyinatla bərpa olunacağı, mövcud infrastrukturun vəziyyəti və gələcək perspektivlər burada əsas rol oynayır:
“Əgər dəhliz çərçivəsində yalnız yolun bərpası nəzərdə tutulursa, bu zaman mövcud süni qurğuların (məsələn, körpülər, qalereyalar) vəziyyəti yoxlanmalı, yeni reallıqlara uyğun olaraq ehtiyac yarandıqda onlar təkmilləşdirilməlidir”.
Ekspert vurğulayıb ki, dəmir yolunun bərpası zamanı rels-şpal qəfəslərinin montajı nəzərdə tutulur:
Bu işlər zamanı gündə minimum 500-600 metr, maksimum isə 1 kilometr rels döşənə bilər. Əgər ciddi texniki maneələr ortaya çıxmasa, düşünürəm ki, dəhlizin əsas hissəsini təxminən 6 ay müddətində bərpa etmək mümkündür.
Lakin əgər Zəngəzur dəhlizi yalnız mövcud infrastrukturun bərpası ilə kifayətlənməyəcək, eyni zamanda perspektivdə artan yük axını, nəqliyyatın intensivliyi nəzərə alınaraq genişmiqyaslı şəkildə qurulacaqsa, bu zaman əlavə işlərə ehtiyac yaranacaq. Məsələn, dağlıq ərazilərdə tunellərin, estakadaların tikintisi, ərazinin genişləndirilməsi, süni qurğuların inşası (daş, qar uçqunlarından qoruyan qalereyalar və s.) nəzərdə tutulmalıdır. Bu isə tikinti müddətini uzada bilər”.
R.Ağamirzəyev onu da əlavə edib ki, layihədə yer alacaq texniki şərtlər - avtomobil yolunun neçə zolaqlı, dəmir yolunun neçə xəttli olması, elektrikləşdirilməsi və digər infrastruktur tələbləri mühüm rol oynayır:
“Zəngəzur dəhlizi yalnız nəqliyyat dəhlizi yox, həm də enerji, internet kabelləri, boru kəmərləri (neft və qaz) kimi kommunikasiya xətlərinin keçidi üçün də nəzərdə tutulursa, bu sahənin daha da genişləndirilməsi zəruri olacaq.
Həmçinin burada ərazi coğrafiyası da nəzərə alınmalıdır -başlanğıcda nisbətən düzənlik sahə olsa da, ardınca dağlıq relyef başlayır. Digər tərəfdə isə sərhəd xətti, yolun kənarı ilə uzanır. Bu isə əlavə təhlükəsizlik və texniki tədbirlər tələb edir. Məsələn, qar uçqunu və daş axınlarına qarşı tikilmiş qalereyalar var. Onların içərisində dəmir yolu sökülmüş olsa da, bərpası qısa müddətdə mümkündür”.
Nəqliyyat eksperti həmçinin qeyd edib ki, daha genişmiqyaslı və çoxfunksiyalı bir layihə reallaşdırılacaqsa, bu sahənin kompleks şəkildə genişləndirilməsi və inkişaf etdirilməsi mütləqdir.