Modern.az

Zelenskinin qara pencəyi - “Bu, bizim sülh ümidlərimizdir”

Zelenskinin qara pencəyi - “Bu, bizim sülh ümidlərimizdir”

Dünya

20 Avqust 2025, 11:05

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə fərqli tərzdə geyimlə çıxıb.

Modern.az-ın məlumatına görə, müharibə dövründə əsasən hərbi formalara üstünlük verən Zelenski bu dəfə ukraynalı dizayner Viktor Anisimovun hazırladığı qara pencək geyinib.

Anisimov kostyumda kiçik bir detalla, arxa hissədəki kəsik ilə geyimi hərbi formadan daha çox mülki üsluba yaxınlaşdırdığını deyib: “Bu, bizim sülh ümidlərimizdir. Əgər uniformaya mülki geyimdən nəsə əlavə etsək, bəlkə də xoşbəxtlik gətirər”.

Zelenski Ağ Evə daxil olan kimi Tramp onun görünüşünə kompliment edib. Halbuki, fevral ayında Oval ofisdə keçirilən gərgin görüşdə ABŞ Prezidenti Ukrayna liderinin hərbi tərzdə geyinməsini tənqid edib. Bu dəfə isə həm Tramp, həm də jurnalistlər Zelenskinin görünüşünü yüksək qiymətləndirib.

61 yaşlı dizayner Anisimov illər əvvəl komediyaçı olduğu dövrdə də Zelenskinin səhnə üslubunu dəyişməyə yardım edib. O bildirib ki, bu dəfə xüsusi olaraq NATO sammiti və ya Trampla danışıqlar üçün kostyum tikilməyib, amma prezidentin kolleksiyasında bir-birinə bənzər bir neçə pencək var. Zelenski həmin kolleksiyadan Anisimovun təqdim etdiyi qara modeli ABŞ səfərində geyinib.

Zelenski 2022-ci ildən etibarən hərbi üslubda geyinərək ölkə əsgərlərinə həmrəylik göstərirdi. Ancaq son aylarda NATO sammiti, Roma Papasının dəfn mərasimi və indi isə Vaşinqton görüşü kimi mühüm diplomatik tədbirlərdə mülki elementlərin əlavə olunduğu geyimlər seçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal