Modern.az

Putinin dağıtdığı uşaqlıq xəyallarını Azərbaycan yenidən QURUR

Putinin dağıtdığı uşaqlıq xəyallarını Azərbaycan yenidən QURUR

Dünya

23 Avqust 2025, 17:35

Putinin apardığı aqressiv siyasət Ukrayna üçün ciddi humanitar fəlakət yaradır. 2022-ci ilin fevralında başlayan hərbi əməliyyatlar nəticəsində on minlərlə mülki insan həyatını itirib, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin məlumatına görə, müharibənin ilk illərindən indiyədək 8 milyondan çox ukraynalı Avropanın müxtəlif ölkələrinə qaçqın kimi üz tutub, onların təxminən yarısı qadınlar və uşaqlardır.

Ən ağır zərbə uşaqlara dəyib. Ukrayna Təhsil Nazirliyi bildirir ki, minlərlə məktəb dağıdılıb və ya zədələnib, yüz minlərlə uşaq isə normal təhsil almaq imkanını itirib.

Bu gün minlərlə ukraynalı uşaq ya sığınacaqlarda, ya da müvəqqəti düşərgələrdə həyatlarını davam etdirir. Bundan başqa, müharibə uşaqları məcburi əmək, erkən evlilik, qaçaqmalçılıq və insan alveri kimi təhlükələrlə də üz-üzə qoyub.

UNICEF-in hesabatlarında qeyd olunur ki, Ukraynada hər üç uşaqdan biri ən azı bir dəfə müharibə nəticəsində ailə üzvünü itirib və ya evsiz qalıb.



Ukraynalı azyaşlılar üçün normal uşaqlıq artıq əlçatmaz hal alıb. Bu səbəbdən də hər bir humanitar yardım, hər bir dəstək layihəsi həm real həyat şərtlərinin yaxşılaşmasına, həm də onların gələcəkdə daha sağlam bir insan kimi yetişməsinə xidmət edir.

Bu səbəbdən də dünyanın müxtəlif ölkələri Ukraynanın müharibədən zərər çəkmiş uşaqlarına dəstək verməyə çalışır. Həmin ölkələr sırasında Azərbaycan xüsusi mövqeyə malikdir. Bakı rəsmi bəyanatlarla kifayətlənməyib, həm də konkret humanitar addımlar ataraq ukraynalı uşaqların həyatına yaxşı mənada təsir göstərmək istəyir.

Müharibənin ilk günlərindən bəri Azərbaycan humanitar siyasətini uşaqlara yönəldib. İndiyədək ölkəmizə 330-a yaxın ukraynalı uşaq gətirilib. Onlar tibbi xidmət, sosial yardım və ən əsası psixoloji reabilitasiya proqramları ilə əhatə olunublar.



Bu proqramların əsas məqsədi uşaqların travmalarını azaltmaq, onları yeni həyata adaptasiya etmək və gələcəkdə sağlam vətəndaş kimi yetişmələrinə dəstək olmaqdır. Azərbaycan Ukraynaya qida və dərman yardımı ilə yanaşı, eyni zamanda uşaqların psixoloji rifahına xüsusi önəm verir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan yaxşı anlayır ki, müharibə həm də ruhlara zərbə vurur.

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək uşaqların reabilitasiyası ilə məhdudlaşmayıb. Belə ki, 2022-ci ildən 2025-ci ilin ortalarına qədər Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 42 milyon ABŞ dollarını ötüb.

Bu yardımlar ərzaq, dərman, tibbi avadanlıqlar, enerji təchizatı vasitələri və digər zəruri ehtiyacları əhatə edib. 2025-ci ilin avqustunda Prezident İlham Əliyev əlavə 2 milyon dollarlıq humanitar yardım paketini təsdiqləyib. Bu yardım çərçivəsində Ukraynaya 90 min metr elektrik kabeli, 25 generator və 7 transformator dəsti göndərilib.



Azərbaycanın yardımları sırf humanitar deyil, həm də strateji xarakter daşıyır. Çünki müharibənin dağıtdığı infrastrukturun bərpası da bir o qədər vacibdir. Bu sahədə də Azərbaycan ukraynadan köməyini əsirgəmir:
Irpin şəhərində məktəb, çoxşaxəli klinika və parkın bərpası layihələri həyata keçirilib. Kiyevdə park və uşaq sığınacağı Azərbaycan tərəfindən yenidən qurulub.

Hazırda İrpendə dörd sosial obyektin inşası davam edir. Bundan başqa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi vasitəsilə Ukraynaya texniki avadanlıq və təlim dəstəyi də göstərib. Müharibənin ən təhlükəli izlərindən biri məhz minalardır və bu sahədə Azərbaycanın təcrübəsi Ukrayna üçün böyük əhəmiyyət daşıyır.

Putinin yaratdığı müharibə yüz minlərlə ukraynalının taleyini dəyişdi, amma uşaqlar üçün yaratdığı yaralar daha dərindir. Azərbaycan isə bu yaraları sağaltmaq üçün əlindən gələni edir. 330 uşağın reabilitasiyası, 44 milyon dollardan çox humanitar yardım, elektrik avadanlıqları, generatorlar, sosial obyektlərin bərpası və minalardan təmizləmə dəstəyi Azərbaycanın humanist mövqeyinin sübutudur.

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri hazırda da davam etdirilir.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Həmin uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər:

Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Həmçinin uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama