Modern.az

Zelenski və Putinin görüşü niyə alınmır? - TƏFƏRRÜAT

Zelenski və Putinin görüşü niyə alınmır? - TƏFƏRRÜAT

Dünya

22 Avqust 2025, 12:25

Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı planlar dalana dirənmiş kimi görünür.

Cenevrə, Vyana, Budapeşt və İstanbul kimi şəhərlərin sammit üçün mümkün məkan olduğu müzakirə olunsa da, Zelenski və Putin 2019-cu ildən eyni masada üz-üzə gəlməyiblər.

Modern.az “BBC”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp bazar ertəsi Putinin görüşə razılıq verdiyini düşündüyünü deyərək, hazırlıqlara başladığını açıqlyıb.

Amma bu, daha çox söhbətin nikbin yozumu kimi qiymmətləndirildi. Çünki Kremlin təqdim etdiyi rəsmi açıqlama daha çox qeyri-müəyyəndir. Belə ki, Tramp və Putin yalnız “nümayəndə heyətlərinin səviyyəsinin qaldırılması” imkanını müzakirə ediblər. Bu isə sadəcə səfirlik nümayəndələri yerinə nazirlərin danışıqlarda iştirak etməsi anlamına gələ bilər.



Almaniya kansleri Fridrix Mers də iki liderin yaxın iki həftə ərzində görüşə biləcəyini istisna etməyib. Amma o da ehtiyatla qeyd edib ki, “Rusiyanın prezidentinin belə bir görüşə qatılmağa cəsarəti çatıb-çatmayacağını bilmirik” və Putinin razı salınmasının vacibliyini vurğulayıb. Tramp isə əgər Moskva sülh prosesində əməkdaşlıq etməzsə, Rusiyanı “çətin vəziyyətin” gözlədiyini desə də, detallar barədə danışmayıb.

Hazırkı gedişata baxanda Putinlə Zelenskinin görüş ehtimalı daha da zəifləyir. Moskva rəsmi olaraq ikitərəfli danışıqlara açıq olduğunu göstərsə də, Kreml görüş üçün irəli sürdüyü şərtlərlə əslində Kiyevin razılıq verə bilməyəcəyi mövqe ortaya qoyur.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu həftə bildirib ki, Putin yalnız “ən yüksək səviyyədə müzakirə olunmalı məsələlər əvvəlcədən razılaşdırılarsa” Zelenski ilə görüşə bilər. Bu cür qeyri-müəyyən, amma sərt şərtlər Kreml tərəfindən əvvəllər də danışıqları əngəlləmək üçün istifadə olunub.



Ötən həftə Trampın nümayəndəsi Stiv Uitkof isə Rusiyanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul etdiyini açıqlayaraq bunu “əhəmiyyətli addım” adlandırıb. Amma indi məlum olub ki, söhbət Moskvadan gələn, Kiyev tərəfindən isə 2022-ci ildə rədd edilmiş təkliflərdən gedir. Həmin təklifə görə, Ukraynanın təhlükəsizliyi ilə bağlı qərarlarda Rusiyaya da veto hüququ veriləcəkdi. Bu isə əslində Qərb qoşunlarının Ukraynada yerləşməsini qadağan edərək ölkəni yeni bir rus hücumu qarşısında müdafiəsiz buraxmaq demək idi.

Lavrov açıq şəkildə bildirib ki, bunun əksinə olan istənilən təhlükəsizlik modeli “tamamilə faydasız” olacaq. Zelenski isə əksinə, Putinə görüşdən öncə Ukraynanın Qərb müttəfiqləri ilə təhlükəsizlik zəmanətləri əldə etməli olduğunu vurğulayıb. Bu zəmanətlərin Rusiya iştirak etmədən, Qərb qoşunlarının dəstəyi ilə təmin olunacağı da şübhəsizdir. Belə bir modeli isə Moskva heç vaxt qəbul etməyəcək.

Beləliklə, hazırda tərəflər öz illərdir dəyişməyən mövqelərində qalır, hər biri digərini sülh danışıqlarını pozmaqda ittiham edir. Reallıq isə odur ki, yaxın zamanda Zelenski ilə Putinin bir masa arxasına oturması getdikcə daha da qeyri-mümkün görünür.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama