Türkiyənin tanınmış aktyoru Mehmet Yılmaz Ak barəsində səsləndirilən “təcavüz” iddialarına münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Fotoqraf Dilan Bozyel mətbuata açıqlamasında aktyorun illər əvvəl ona qarşı zor tətbiq edərək yaxınlıq qurmağa çalışdığını iddia edib. Bozyel deyib ki, hadisə onun 16 yaşı olarkən Diyarbəkirdə, eyni məktəbdə oxuduqları dövrdə baş verib: “Başımı silahla hədələyərək mənimlə birlikdə olmağa çalışmışdı”, – deyə o bildirib.
Sözügedən açıqlamalardan sonra Mehmet Yılmaz Ak sosial şəbəkə hesabında yazılı cavab verib. O, yayılan məlumatları tamamilə əsassız adlandırıb:
“Bəzi sosial media hesabları və xəbər portalları üzərindən şəxsimi hədəf göstərərək əsası olmayan, çirkin böhtan və iftiralar irəli sürülüb. Bu iftiraların heç bir gerçəklik payı yoxdur. Mənə, dəyərlərimə və karyerama zərər vurmağa yönəlmiş bu addımlar qarşısında hüquqi prosesin başladıldığını bildirirəm”, – deyə aktyor açıqlamasında vurğulayıb.