Modern.az

Dünya müharibəsinin sonu: hər ölkənin öz qələbə günü var - ARAŞDIRMA

Dünya müharibəsinin sonu: hər ölkənin öz qələbə günü var - ARAŞDIRMA

Dünya

3 Sentyabr 2025, 21:35

Bu il İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə dünyanın bir çox ölkəsində mərasimlər keçirilib.

Modern.az-ın məlumatına görə, müxtəlif dövlətlər müharibənin sonunu fərqli tarixlərdə qeyd edir, bu da həm coğrafi zaman fərqləri, həm də müharibədə iştirak edən tərəflərin öz tarixi təcrübələrindən qaynaqlanır.

Çin müharibədə qələbəni hər il 3 sentyabr tarixində qeyd edir. Bu gün ölkədə “Yapon işğalı üzərində qələbə və Dünya Antifaşist Müharibəsi zəfəri” kimi tanınır. Pekində keçirilən hərbi paradda bu dəfə dünyanın bir çox ölkəsinin lideri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Avropada ənənəvi olaraq 8 may Qələbə Günü kimi anılır. Məhz bu tarixdə Almaniyanın qeyd-şərtsiz kapitulyasiyası qüvvəyə minib və qitədə müharibəyə son qoyulub. Bu il də Fransada, Britaniyada və digər Avropa ölkələrində kilsə xidmətləri, konsertlər və rəsmi çıxışlarla xatirə tədbirləri keçirilib. Ukraynada isə 2015-ci ildən etibarən 8 may “Anım və Barış Günü” kimi rəsmiləşdirilib.

Postsovet məkanında, o cümlədən Azərbaycanda, qələbə 9 may tarixində qeyd olunur. Buna səbəb Almaniyanın təslim sənədinin Moskva vaxtı ilə mayın 9-da qüvvəyə minməsidir. 

Asiya-Sakit okean regionu isə müharibənin başqa bir böyük cəbhəsi olub. Yaponiya artıq 1937-ci ildə Çinə genişmiqyaslı hücum etmişdi. ABŞ isə 1941-ci ilin dekabrında Pörk Harbor hücumundan sonra müharibəyə qoşulmuşdu. Yaponiyanın məğlubiyyəti isə fərqli tarixlərdə anılır. 15 avqust imperatorun təslim bəyanatı ilə “Müharibənin Sonu Günü” kimi yad edilir. Tokioda keçirilən rəsmi mərasimdə imperator Naruhito və Baş nazir Şigeru İşiba iştirak ediblər.

Müharibənin rəsmi sonu isə 2 sentyabr 1945-ci ildə olub. Həmin gün Yaponiyanın kapitulyasiya sənədləri Tokio körfəzində ABŞ-ın USS Missouri hərbi gəmisində imzalanıb. ABŞ və bir sıra ölkələr bu tarixi “Victory over Japan Day” (V-J Day) adı ilə yad edir. Bu il Vaşinqton və Havayda veteranların iştirakı ilə geniş tədbirlər keçirilib.

Beləliklə, müharibədə iştirak etmiş müxtəlif dövlətlər tarixi öz yaddaşlarına uyğun şəkildə qeyd edirlər. Avropa üçün 8 may, postsovet məkanı üçün 9 may, Yaponiya üçün 15 avqust, ABŞ üçün 2 sentyabr, Çin üçün isə 3 sentyabr qələbə tarixləri kimi qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular