Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz üçün strateji önəm kəsb edən yeni layihənin - Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə bağlı açıqlama verib.
Modern.az-ın məlumatına görə, Ərdoğan bildirib ki, 22 avqustda əsası qoyulan bu layihə Zəngəzur dəhlizinin reallaşmasına xidmət edəcək və bütün bölgə üçün bir “sülh layihəsi” rolunu oynayacaq.
Prezidentin sözlərinə görə, layihənin tam icrası ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə yüksələcək.
“Toplam 2,4 milyard avroluq bu layihə istifadəyə verildikdən sonra Çindən İngiltərəyə qədər uzanan beynəlxalq ticarət xətti daha səmərəli olacaq. Eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək, bölgələrimizin istehsal potensialına, ixracına və infrastrukturunun inkişafına mühüm töhfə verəcək”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti yeni dəmir yolu xəttinin həm ölkə, həm də region üçün böyük önəm daşıdığını qeyd edərək, layihənin xeyirli olmasını arzulayıb.
***
20:56
Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq.