Argentinada seçki kampaniyası zamanı prezident Xavyer Mayliyə daş atdığı iddia edilən şəxs saxlanılıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, saxlanılan şəxs 22 yaşlı gənc kişidir.
Nəşrlərin məlumatına görə, təhlükəsizlik qüvvələri əvvəlcə iki nəfəri saxlasa da, sonradan onlardan biri sərbəst buraxılıb.
İnsident Xavyer Maylinin hakim partiyanın qarşıdan gələn parlament seçkilərində namizədini təqdim etdiyi Lomas de Zamora şəhərində baş verib. Prezident maşının arxasına minib insanlarla salamlaşarkən başını bir neçə santimetr yaxınlığından daş atılıb. Prezident təhlükəsizlik qüvvələri tərəfindən təxliyə edilib.
Prezidentin sözçüsü Manuel Adorni insidentdə müxalifəti günahlandırıb. Hadisənin baş verdiyi Buenos-Ayres əyalətinə keçmiş dövlət başçısı Kristina Kirşnerin tərəfdarı Aksel Kicillof rəhbərlik edir.