Dünən Rusiyanın Ukrayna paytaxtı Kiyevə atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb.
Modern.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Denis Kazanski öz "X" hesabında paylaşım edib.
O, zərbənin nəticələrini əks etdirən foto paylaşıb.
"Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini vurub, lakin bir az yan keçib. Raket binadan təxminən 100 metr aralıya düşüb. Daha əvvəllər ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdılar. İndi açıq şəkildə səfirliyə terror hücumlarına keçiblər", - deyə o yazıb.
Düşən raketin yanğına və güclü partlamaya səbəb olduğu məlum olub.
Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi də təsdiq edib.
Qeyd edilib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.
"Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - məlumatda deyilir.