Ukrayna Ali Radasının sabiq sədri, xalq deputatı Andrey Parubiyinin qətli ilə bağlı saxlanılan şəxs ilk dindirmədə cinayəti törətdiyini etiraf edib və Rusiya nümayəndələri ilə əlaqələri barədə danışıb.
Modern.az xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, şübhəlinin oğlu 2023-cü ildə Baxmut istiqamətində döyüşlərdə itkin düşüb. Atası rusiyalılarla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayaraq oğlunun taleyi ilə bağlı məlumat toplamağa çalışıb. Həmin şəxslər ona oğlunun həlak olduğu barədə məlumat verib, həm də Rusiyanın müharibədəki mövqeyini müdafiə ediblər.
Şübhəli daha sonra Parubiyini izləməyə başlayıb, silah əldə edib, velosiped və saxta sənədlərlə avtomobil alaraq siyasətçini izləyib.
Ukrayna Milli Polisinin rəis müavini Andrey Nebıtov bildirib ki, Parubiyinin qətli bir neçə ay ərzində planlaşdırılıb. Onun sözlərinə görə, cinayətin motivləri ilə bağlı bütün versiyalar araşdırılır və “Rusiya izi” ehtimalı istintaqın prioritet istiqamətidir:
“Bu cinayətin arxasında Rusiya sifarişi də ola bilər. Hazırda bir nəfərə ittiham irəli sürülüb, lakin mümkün şəriklər də yoxlanılır”, – deyə Nebıtov vurğulayıb.
Nebıtov əlavə edib ki, şübhəli sabit iş yeri olmayan, müvəqqəti işlərlə dolanan şəxs olub. Hüquq-mühafizə orqanları həmçinin onun ölkədən qanunsuz çıxmaq niyyətini də araşdırır.
Lviv vilayət prokuroru Nikolay Meret isə açıqlayıb ki, şübhəliyə artıq rəsmi olaraq qəsdən adam öldürmə ittihamı elan olunub və prokurorluq onun barəsində zaminlik olmadan həbs qətimkan tədbiri seçilməsini tələb edəcək.
Lviv polis rəisi Aleksandr Şlyaxovski isə şübhəlinin silahdan istifadə bacarıqlarının hansı yolla əldə olunması barədə məlumatın açıqlanmadığını bildirib.