Rusiya Prezidenti Vladimir Putinlə rəqsi ilə məşhurlaşan Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl ölkəsində hücumlara məruz qaldığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində deyib.
O qeyd edib ki, Rusiyaya qarşı dost münasibətinə görə ölkəsində hücum və təhqirlərə məruz qalıb, küçədə ona qarşı ciddi təhdidlər səsləndirilib.
“Hələ 2020-ci ildə mənə Avstriyada işləmək qadağan edilmişdi. Küçədə mənə "rus donuzu" deyirdilər, hücum edirdilər və çoxlu sayda təhdidlər alırdım. Bu çağırışlar həm Avstriyada, həm də Ukraynada səslənirdi, mənim öldürülməyimə çağıran açıq bəyanatlar var idi”, - deyə sabiq qeyd edib.
O əlavə edib ki, 2020-ci ildə bu linç kampaniyasına görə Avstriyanı iki çamadan və iki it ilə tərk etməyə məcbur olub. İki il sonra isə Fransanı da tərk etməli olub, çünki oradakı kirayə müqaviləsi hökumətin təzyiqi ilə ləğv edilib.