Şimali Koreya lideri Kim Çen İn qızı Kim Cu Aeni ilk dəfə xarici səfərə aparıb. O, atası ilə birlikdə zirehli qatarla Pekinə gedib.
Modern.az-ın məlumatına görə, onlar Pekində keçirilən II Dünya müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak ediblər. Kim Çen İnin qızını özü ilə gətirməsi beynəlxalq müşahidəçilərdə onun hakimiyyət varisi kimi yetişdirilməsi ilə bağlı ehtimalları gücləndirib.
Kim Cu Aenin dəqiq doğum tarixi açıqlanmasa da, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, o, 2012-ci ildə anadan olub və hazırda təxminən 13 yaşındadır. Onun mövcudluğu ilk dəfə 2013-cü ildə amerikalı basketbolçu Dennis Rodman tərəfindən açıqlanıb. Rodman Pxenyana səfəri zamanı körpə qızı qucağında tutduğunu bildirib.
Kim Cu Ae Şimali Koreya mediasında ilk dəfə 2022-ci ilin noyabrında, qitələrarası ballistik raketin sınaq buraxılışında atasının yanında görünüb. Ağ uşaq gödəkçəsi ilə çəkilən həmin şəkillər bütün dünyada rezonans doğurub.
2023-cü ildən etibarən dövlət mediası onu artıq “hörmətli” qız kimi təqdim etməyə başlayıb. O, tez-tez hərbi paradlarda atasının yanında ön sırada yer alır. Hətta yüksək rütbəli generallar onun qarşısında diz çökərək qulağına söz deməklə, qeyri-adi hörmət nümayiş etdirirlər.
ABŞ-dakı “Stimson Center” ekspertlərinin qənaətinə görə, Cu Ae artıq “varislik yarışında ön sıradadır”. Onlar qeyd edirlər ki, atasının yanında həm hərbi, həm siyasi, həm də iqtisadi tədbirlərdə görünməsi təsadüfi deyil, planlı şəkildə həyata keçirilən siyasi mesajdır.
Şimali Koreya kimi patriarxal sistemdə 13 yaşlı bir qızın həqiqətən gələcək lider ola biləcəyi hələ də mübahisəlidir. Lakin onun ardıcıl olaraq ön plana çəkilməsi, yüksək rütbəli şəxslərin göstərdiyi ehtiram və Pekin səfəri Kim Çen İnin qızını öz yerinə hazırladığı ehtimalını gücləndirir.
Elnur Əmirov