Ukraynanın Xarkov vilayətində yerləşən Kupyansk şəhəri ətrafında döyüşlər yenidən kəskinləşib.
Modern.az-ın məlumatına görə, Ukraynanın "DeepState" monitorinq layihəsi sentyabrın 3-də yayımladığı təhlildə bildirib ki, Rusiya qüvvələri şəhərin müxtəlif yerlərində bayraq qaldırılmasını əks etdirən videolar yayımlayıb. Analitiklərin sözlərinə görə, bu görüntülər daha çox təbliğat xarakteri daşıyır və real irəliləyişdən xəbər vermir.
"DeepState" qeyd edir ki, Rusiya qüvvələrinin şimal kənarlarında mövcudluğu çoxdan müşahidə olunur və bu ərazilər “boz zona” hesab edilir. Rusiya hərbçiləri kiçik qruplarla şəhərə sızmağa çalışır, bəzən isə mülki geyimdə hərəkət edirlər. Layihənin məlumatına görə, hazırda döyüşlər Mirovoe (keçmiş Mirnoye) və Radkovka istiqamətlərində daha da intensivləşib.
“Sentyabrda Kupyanskdan çox danışacağıq, çünki ruslar artıq şəhərin qapısındadır və zəif yerləri yoxlayır”, – deyə analitiklər vurğulayıb.
Ukrayna tərəfi isə bu məlumatları təkzib edir. 10-cu ordu korpusu feysbuk səhifəsində yazıb ki, Kupyanskda rus bayrağının qaldırılmasını göstərən videogörüntülər “təbliğat materialıdır”. Paylaşımda vurğulanıb ki, belə cəhdlərin hamısı Ukrayna müdafiəçiləri tərəfindən dərhal zərərsizləşdirilib. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi də məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi sentyabrın 3-də açıqlama yayaraq Kupyansk və ətraf ərazilərdə nəzarəti ələ keçirmək üçün əməliyyat apardıqlarını bəyan edib. Nazirlik dron görüntüləri dərc edərək şəhərin yarısının rus qüvvələrinin nəzarətində olduğunu iddia edib.
Xatırladaq ki, Kupyansk 2022-ci ilin fevralında işğal olunmuş, lakin həmin ilin payızında Ukrayna ordusu tərəfindən azad edilmişdi. 2023-cü ilin yayından Rusiya bu istiqamətdə yenidən hücumlara başlasa da, şəhəri tam ələ keçirə bilməyib.