Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) 25-ci liderlər sammitində Azərbaycanın üzvlüyünün Hindistan tərəfindən bloklanması ciddi rezonans doğurub. Hindistanın bu hərəkəti Azərbaycanın Pakistana dəstəyi ilə də əlaqələndirilib.
Lakin Azərbaycanın ŞƏT üzvlüyünün bloklanması ilə əlaqədar yeni məlumatlar ortaya çıxıb. Belə ki, Hindistanın bu təşəbbüsdə tək olmadığı, prosesdə Rusiyanın əli olduğu barədə xəbərlər yayılıb.
Mətbuatda dərc edilən xəbərlərdə deyilir ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. "Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb", - APA yazıb. Hələlik Rusiya tərəfi açıqlama verməyib.
Hindistan Xarici İşlər Nazirliyi isə bildirib ki, həm Azərbaycan, həm də Ermənistan ŞƏT-ə üzv olmaq üçün müraciət edib. "Lakin vaxt məhdudiyyəti səbəbindən bu il üzv dövlətlər tərəfindən belə qərar qəbul edilməyəcək. Hər iki ölkənin üzvlüyü məsələsi hələ də müzakirə olunur", - Nazirliyin açıqlamasında bildirilir.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Elşad Musayev bildirib ki, Rusiyanın prosesdə əlinin olması mümkündür:
“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına mane olan Hindistandır. İlkin məlumat da bu cür verilib. Bundan sonra Pakistan da Ermənistanın üzvlüyünə mane olub. Rusiya mediasında, sosial şəbəkələrdə belə məlumat yayıldı ki, Hindistanın Azərbyacanın ŞƏT-ə tam üzvlüyünü bloklamasının səbəbi Rusiyadır. Bizim Rusiyaya, Rusiyanın da bizə münasibəti bəllidir".
Deputat vurğulayıb ki, Rusiya Azərbaycana qarşı imperiya ambisyasına söykənən siyasəti davam edir:
"Rus mediası və sosial şəbəkələrində Azərbaycana qarşı düşməçilik siyasəti aparılır. Ona görə də belə fikirlər ortaya çıxır. Rusiyanın bu məsələdə hansısa rolunun olub-olmaması ilə bağlı əlimdə fakt yoxdur. Mən obyektiv adamam Rusiyaya münasibətim də bəllidir. Amma gərək konkret fakt olsun".
Qeyd edək ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunub. Zamanla əhatə dairəsini xeyli genişləndirən ŞƏT-ə 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus üzv qəbul olunub. Avrasiya ərazisinin 60%-ni, dünya əhalisinin 40%-ni, dünya üzrə ümumi məhsulun isə 25%-ni özündə birləşdirən təşkilat regionunda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır.
Deputat Sahib Alıyev isə Çinin bu məsələdə mövqeyini bilə-bilə və ondan asılılığı qabarıq olaraq görsəndiyi bir vaxtda Rusiyanın Hindistanla birgə hərəkət edəcəyini düşünmür.
"Bunu mən istisna edirəm. Amma bu, Hindistanın öz təşəbbüsü idi. Bu təşəbbüs Azərbaycandan daha çox Çinə qarşı idi. Çünki Çin bir zamanlar onun gücsüzlük rəmzi kimi dəyərləndirilən şəhərdə, yəni Çində belə bir sammit təşkil edib, ardınca da parad keçirməklə Yeni Dünya Düzənin qurulmasında öz gücünü, nüfuzunu, hətta iradəsini sərgiləyərkən Hindistan belə bir addım atdı. Mən bir daha vurğulayıram, ən böyük mərdiməzarlıq Çinə qarşı edilib. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı ilk növbədə Çin faktoruna görə önəmlidir. Sammit çərçivəsində Çin lideri, eləcə də bu ölkənin transmilli statuslu 6 aparıcı şirkətinin təmsilçiləri ilə görüş onu göstərdi ki, bu istiqamətdə bizim maraqlarımız tam təmin edilib. Bizim ŞƏT-ə yanaşmamız qardaş Türkiyənin yanaşmasından elə də fərqlənmir. Söhbət təşkilatda yer-alıb-yer almamaqdan gedir. Bir daha vurğulayıram ki, bunu mən ciddi hadisə kimi qəbul etmirəm".
S.Alıyev Hindistanın özünün təşkilatdan ayrılmasını da istisna etməyib:
"Hindistan sadəcə olaraq, Çinin dominantlığının açıq hiss edilməsini qəbul edə bilmir. Hətta gələcəkdə, Hindistan bu təşkilatdan çıxa da bilər. Mən bunu da istisna etmirəm. 2023-cü ildə sədr ölkə kimi sammiti Hindistan keçirirdi. Sammit virtual oldu. Bu bir daha Hindistanın həmən quruma yanaşmasını da, dövlət olaraq necəliyini də ortaya qoyur. Eyni zamanda hazırda Hindistana rəbərlik edən indiki faşist ünsürün kimliyini növbəti dəfə Azərbaycan görür".