Rusiya ordusu sentyabrın 7-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərinə kütləvi hava hücumu həyata keçirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev, Kremençuk, Krivoy Roq, Odessa, Dnepr, Sumı və Zaporojye hücuma məruz qalıb.
Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində paytaxt da daxil olmaqla bir sıra yaşayış məntəqələrində ölənlər və onlarla yaralı var.
Ukrayna ordusu bildirir ki, gecə ərzində Rusiya 810 pilotsuz uçuş aparatı və 13 raket buraxıb. Hava Hücumundan Müdafiə Qüvvələri 747 dronu və dörd raketi vurub. Kiyevdə Nazirlər Kabinetinin binasına zərbə endirilib, yaşayış binasına raket düşməsi nəticəsində isə qadın və iki aylıq körpəsi həlak olub.
Avropa İttifaqının Ukraynadakı səfiri Katerina Maternova hücumu dəhşətlə xatırladığını bildirib:
“Gecə partlayış səslərindən yatmaq mümkün olmadı, sirenlər çalınanda və xaricdə dünya dağılarkən, otelin vanna otağının döşəməsində - sığınacağımda gecələdim. Bu, müharibənin ən dəhşətli gecələrindən biri idi”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, bu hücum Ukraynaya qarşı sadəcə hərbi əməliyyat deyil, insanlara, demokratiyaya və bütövlükdə Avropanın ruhuna qarşı “terror aktıdır”. Maternova daha sərt sanksiyaların tətbiqini, xüsusilə Rusiya nefti və qazına embarqo qoyulmasını, həmçinin Ukraynaya daha çox silah verilməsini tələb edib.
Latviyanın prezidenti Edqars Rinkeviçs də hücumu “Kreml sülh yox, müharibə istəyir” sözləri ilə qiymətləndirib. Baş nazir Evika Siliņa Rusiyanın daha çox aqressiya və əzab gətirmək niyyətində olduğunu bildirib.
Çexiya xarici işlər naziri Yan Lipavski Rusiyanın məqsədinin “mümkün qədər çox ukraynalını öldürmək” olduğunu deyib və Ukraynaya dəstəyin dayandırılmasını “aqressorun tərəfini saxlamaq” kimi qiymətləndirib. Estoniyadan həmkarı Marqus Tsaxkna isə “Rusiyanın yeni antirekordlarının sərt cavab tələb etdiyini” vurğulayıb.