Argentinanın əsas siyasi meydanlarından sayılan Buenos-Ayres əyalətində keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, bülletenlərin 82,2 faizi sayıldıqdan sonra müxalifətdəki peronistlər 46,8 faiz səs toplayaraq üstünlük əldə ediblər.
Argentina Prezidenti Xavyer Mileynin rəhbərlik etdiyi hakim partiya isə cəmi 33,8 faiz səs toplayıb.
Seçkilərin nəticəsi ölkənin siyasi gündəminə ciddi təsir göstərib. Prezident Mileynin üzərinə həm rüşvət qalmaqalı, həm də dövlət xərclərinə dair seçicilərin narahatlıqları səbəbindən təzyiq artır.
Prezident məğlubiyyəti qəbul edib, lakin bunun onun siyasətinə təsir etməyəcəyini vurğulayıb. “Hökumətimizin kursu dəyişməyəcək, əksinə daha da güclənəcək”, - deyə dövlət başçısı bildirib.
Buenos-Ayresdə peronistlərin qələbəsi müxalifətin parlamentdə daha güclü mövqe qazanacağı anlamına gəlir. Analitiklərə görə, bu nəticə Mileynin islahat planlarını parlamentdə həyata keçirməsini çətinləşdirə bilər.