Rusiyada 2026-cı il üçün büdcə hazırlıqları öncəsi Kreml çətin maliyyə qərarları ilə üz-üzə qalıb.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Bildirilir kiki, müharibə iqtisadiyyatı ölkənin maliyyə dayanıqlığını getdikcə daha çox sınağa çəkir.
Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ilin yanvar–avqust aylarında enerji sektorundan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. İqtisadi artım tempi də zəifləyib, ötən il 4,3 faiz artım qeydə alınmışdısa, bu il göstəricinin 1,4 faizə enəcəyi, növbəti üç ildə isə 2 faizi keçməyəcəyi proqnozlaşdırılır. Rusiya Mərkəzi Bankı xəbərdarlıq edib ki, mənfi ssenaridə ölkəni ciddi resessiya gözləyə bilər.
Analitiklərin fikrincə, Kreml “Stalin yanaşması”nı davam etdirir: hər şey cəbhə üçün, hər şey müharibə üçün. 2022-ci ildən bəri hərbi xərclər nominal olaraq iki dəfə artıb. Bunun nəticəsində büdcə kəsiri də böyüyüb. Vladimir Putinin sözlərinə görə, 2025-ci ilin ilk yarısında federal büdcənin kəsiri 4,9 trilyon rubl (təxminən 61 milyard dollar) təşkil edib. Bu da ÜDM-in 2,2 faizi deməkdir, halbuki əvvəlcə kəsirin 0,5 faiz olması planlaşdırılmışdı.
Maliyyə naziri Anton Siluanov dövlət başçısına bildirib ki, bütün öhdəliklərin yerinə yetirilməsi üçün əlavə resurslar axtarılır. Ekspertlərin hesablamasına görə, hökumət bəzi sahələrdə, xüsusilə də idman klubları, sanatoriyalar və digər subsidiyalı istiqamətlərdə xərcləri azaldaraq 2 trilyon rubl qənaət edə bilər. Qalan hissənin isə daxili borclanma ilə ödənəcəyi gözlənilir. İyun ayında Mərkəzi Bankın əsas faiz dərəcəsini 21 faizdən 18 faizə endirməsi borc yükünü bir qədər yüngülləşdirib.
FT yazır ki, Kreml yeni büdcə layihəsini sentyabrın ortalarında təqdim etməlidir. Lakin zəifləyən enerji gəlirləri, davamlı inflyasiya, işçi qüvvəsinin çatışmazlığı və sanksiyalar fonunda 2026-cı il üçün planlaşdırılan maliyyə sənədi hökumətin ən çətin imtahanlarından biri olacaq.