Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü yaxın günlərdə Ermənistanda baş tutacaq.
Modern.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində İrəvanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, qarşıdan gələn iclasda prosesin bütün məsələləri, həyata keçirilən və həyata keçiriləcək addımlar müzakirə olunacaq. Rubinyan son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrlərinin müzakirə edildiyini, tarixi Ani körpüsünün də bərpasının nəzərdə tutulduğunu xatırladıb.
Rubinyan görüşün dəqiq harada - İrəvanda və ya sərhəddə keçiriləcəyini açıqlamayıb.
R.Rubinyan bildirib ki, Ermənistan günü sabah da Türkiyə ilə sərhədlərini açmağa və diplomatik əlaqələr qurmağa hazırdır.
O əmin edib ki, Ermənistan tərəfindən heç bir maneə yoxdur:
“Əgər iradə olarsa, bu, qısa müddətdə baş verəcək”, - deyən Rubinyan Ermənistan tərəfdən heç bir şərt olmadığını xatırladaraq, bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.
“Vaşinqton razılaşmaları, şübhəsiz ki, regionda və ondan kənarda vəziyyətə müsbət təsir edəcək çox mühüm hadisədir”, - deyə Ruben Rubinyan əlavə edib ki, İrəvan nikbindir.
Rubinyan qeyd edib ki, qarşıdakı götrüşdə bütün proses məhz sərhədlərin açılmasına diplomatik münasibətlərin qurulmasına yönəlib.