Genetik məlumatın ötürülməsi mexanizmlərini kəşf etdiyinə görə, tibb üzrə Nobel mükafatı almış amerikalı bioloq Devid Baltimor 87 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazıb.
Baltimor sentyabrın 6-da Massaçusets ştatındakı evində vəfat edib. Alimin həyat yoldaşı Alice Huang bildirib ki, ölümün səbəbi xərçəngin bir neçə növünün ağırlaşması olub.
Nəşrin yazdığına görə, 1975-ci ildə ona Nobel mükafatı qazandıran kəşfi edəndə Baltimorun cəmi 37 yaşı var idi. Əvvəllər hesab edilirdi ki, hüceyrələrdə informasiya yalnız bir istiqamətdə - DNT-dən RNT-yə və zülal sintezinə doğru hərəkət edir. Baltimor eksperimental olaraq göstərdi ki, informasiya əks istiqamətdə də - RNT-dən DNT-yə ötürülə bilər. Əsas məqam bu prosesi tərsinə çevirən əks transkriptaza adlı viral fermentin kəşfi oldu.
Bu kəşf retroviruslar və viruslar, o cümlədən bu fermentdən istifadə edən HİV haqqında anlayışa gətirib çıxardı.
Baltimor Nobel mükafatından başqa bir sıra digər mükafatlara və fəxri adlara, o cümlədən ABŞ Milli Elm Medalına layiq görülüb.
Baltimor verdiyi müsahibədə valideynlərinin Rusiya imperiyasından gələn mühacirlərin övladları olduğunu bildirib.