Modern.az

Fransada siyasi böhran dərinləşir - Makron istefa verə bilər

Fransada siyasi böhran dərinləşir - Makron istefa verə bilər

Dünya

9 Sentyabr 2025, 15:46

Fransada hökumətin istefasından sonra prezident Emmanuel Makron üçün yeni baş nazir təyin etmək və parlamentdə dəstək qazanmaq çətinləşib.

Modern.az-ın məlumatına görə, “The New York Times” yazır ki, bu vəziyyət Makronun siyasi mövqelərini zəiflədə və hətta onun istefası ilə nəticələnə bilər.

Qanunvericilik orqanında üç əsas blok var,solçular, sağ-mərkəzçi koalisiya və ifrat sağçılar parlamentin işini iflic edib. Qəzet qeyd edir ki, yeni hökumət də mövcud vəziyyəti dəyişməyəcək. Makron hüquqi baxımdan istənilən şəxsi baş nazir postuna gətirə bilər, amma siyasi reallıq onu parlamentin ən azı büdcə qəbul edilənədək dəstəkləyə biləcəyi fiquru seçməyə məcbur edir.

Ekspertlərə görə, Makronun gələcəyi ilə bağlı bir neçə ssenari var. Bunlardan biri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərdir, amma bu addım mərkəzçi koalisiyanın daha çox yer itirməsinə səbəb ola bilər.

Prezidentin istefası ehtimalını isə qəzet daha radikal, amma mümkün variant hesab edir. Beşinci Respublika tarixində belə hal yalnız bir dəfə baş verib. Belə ki, 1969-cu ildə Şarl de Qoll referendumda məğlubiyyətdən sonra vəzifədən gedib.

“Le Figaro”nun sorğularına görə, hazırda Makrona cəmi 15% seçici etibar edir. Bu isə vəziyyəti daha da çətinləşdirir.

Qeyd edək ki, böhran hökumətə etimadsızlıq səsverməsi ilə başladı. Baş nazir Fransua Bayru təqdim etdiyi 2026-cı il büdcə layihəsində 44 milyard avro qənaət məqsədilə vergilərin artırılması, pensiya və sosial ödənişlərin azaldılması, həmçinin Pasxa sonrası bazar ertəsi və 8 may – Avropada Qələbə Günü kimi iki bayram gününün ləğvini təklif etmişdi. Bu isə parlamentdə kəskin etiraz doğurdu.

Yelisey sarayı bildirib ki, Makron yaxın günlərdə yeni baş naziri təyin edəcək.

Elnur Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?