Modern.az

Makron yeni baş nazir təyin edəcək

Makron yeni baş nazir təyin edəcək

Dünya

9 Sentyabr 2025, 00:57

Fransada siyasi səhnədə mühüm bir dönüş baş verdi: Baş nazir Fransua Bayrunun hökuməti parlamentin etimadsızlıq səsverməsində məğlubiyyətə uğradı.

 

Modern.az xəbər verir ki, Milli Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən, 364 deputat hökumətə etimad göstərməyib, yalnız 194 nəfər lehinə səs verib, 15 nəfər isə bitərəf qalıb. Cəmi 558 deputat səs verib.

 

Bu nəticədən sonra Yelisey Sarayının sentyabrın 8-də yaydığı qısa bəyanatda bildirilib ki, Prezident Emmanuel Makron hökumətin süqutunu nəzərə alır və yeni baş naziri ən qısa zamanda təyin edəcək. Məlumata görə, Makron sabah Fransua Bayrunu qəbul edəcək və onun hökumətinin istefasını qəbul edəcək.

 

Solçu lider Jan-Lük Melanşon səsvermənin nəticəsini xalqın qələbəsi kimi qiymətləndirib və Prezident Makronun da istefa verməli olduğunu bildirib. O, bu fikirlərini sosial şəbəkə X (keçmiş Twitter) üzərindən paylaşaraq Makrona açıq çağırış edib: “Getmək vaxtıdır”.

 

Ekolojistlər Partiyasının lideri Marin Tondelye isə yeni baş nazirin mütləq Yeni Xalq Cəbhəsi (NFP) sıralarından çıxmalı olduğunu deyib və partiyasının buna hazır olduğunu vurğulayıb. Prezident partiyasının rəhbəri Qabriel Attal isə prezidentin danışıqlar aparıcısını təyin etməsini təklif edib və bildirib ki, o özü bu vəzifəyə namizəd deyil.

 

Səsvermədən sonra çıxış edən Fransua Bayru bu siyasi riski bilərəkdən götürdüyünü deyib. “Prezidentin razılığı ilə bu sınağı – hökumət başçısı kimi bir həqiqət anını – özüm istədim”, – deyə Bayru bildirib. “Bəziləriniz bunun səhv bir addım olduğunu düşünə bilər, amma mən tam əksini hesab edirəm”, – deyə əlavə edib.

 

Küçələrdə xalq Bayru hökumətinin süqutunu qeyd edir. Bayrunun hökuməti rəsmi olaraq sabah səhər saat 08:00-da istefa verəcək. İndi diqqət Emmanuel Makronun verəcəyi qərarda və növbəti baş nazirin kim olacağına yönəlib.

 

Fransanın qarşısında indi yeni bir siyasi dönəm açılır. İqtidar və müxalifət arasında gedən danışıqlar ölkənin gələcək siyasi xəritəsini müəyyən edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?