Sentyabrın 15-də Ankara məhkəməsində Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı işə baxılacaq.
Partiya daxilində məhkəmənin nəticələri ləğv edəcəyi, CHP rəhbərliyinin vəzifədən uzaqlaşdırılacağı və müvəqqəti sədr təyin ediləcəyi ilə bağlı müzakirələr aparılır.
Modern.az xəbər verir ki, qurultay nəticələri ləğv edilərsə, partiyanın sədri postuna sabiq başqan Kemal Kılıçdaroğlu təyin oluna bilər.
Onun uzun müddətdir susqun qalması partiya daxilində tənqidlərə səbəb olub. Bəzi deputatlar bu sükutu onun “qəyyum təyin olunmasına da razı olduğu” kimi şərh edirlər.
CHP kuluarlarında dolaşan iddialara görə, Kılıçdaroğlu artıq partiyanın başına keçəcəyi təqdirdə yanında çalışacaq MYK üzvlərini müəyyənləşdirməyə başlayıb. Onun yaxın çevrəsi isə sabiq sədrin məhkəmə iddiasını nəticələrini gözlədiyini və buna uyğun davranacağını qeyd edir.
Partiya daxilində Kılıçdaroğlunun partiyaya qayıdışının “qaçınılmaz” olduğu qənaətində olanlar az deyil.