Modern.az

Moskva müharibəni dayandırmaq istəmir - Cəbhədə SON DURUM

Moskva müharibəni dayandırmaq istəmir - Cəbhədə SON DURUM

Dünya

9 Sentyabr 2025, 09:44

Rusiya və Ukrayna orduları cəbhənin müxtəlif istiqamətlərində qarşılıqlı hücum əməliyyatlarını davam etdirir.

Modern.az-ın məlumatına görə, Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) son hesabatında bildirir ki, Ukrayna qüvvələri Sumi vilayətinin şimalında irəliləyiş əldə edib, eyni zamanda Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk istiqamətində hücumlarını gücləndirib.

Ukraynalı hərbi müşahidəçi Konstantin Maşovetsin məlumatına görə, Ukrayna qoşunları Suminin şimal-qərbində yerləşən Bezsalovka kəndini geri alıb. Rusiya qüvvələri uzunmüddətli döyüşlərdən sonra Yunaqovka kəndini tam ələ keçirib. Maşovets qeyd edib ki, hazırda bölgədə sərhəd xətti boyunca döyüşlər davam edir.

8 sentyabrda Rusiya qüvvələri Xarkov vilayətinin şimalında hücuma cəhd göstərsə də, irəliləyə bilməyib. Ukrayna kəşfiyyat batalyonunun nümayəndəsinin sözlərinə görə, rus hərbçiləri kiçik qruplarla hücum edərək mövqelərə yaxınlaşmağa çalışır, lakin Ukraynanın pilotsuz uçuş aparatları onların irəliləyişini əngəlləyir.
Kupyansk istiqamətində isə rusiyalı hərbi bloqerlər Rusiya qoşunlarının müəyyən irəliləyiş əldə etdiyini iddia etsələr də, ISW bu məlumatı təsdiqləmir.

Geolokasiya videoları Ukrayna ordusunun Liman istiqamətində irəlilədiyini göstərir. Ukraynalı hərbçilərin açıqlamasına görə, bu döyüşlərdə Rusiya ordusu ciddi itkilər verib. Eyni zamanda, rus qoşunları Konstyntinovka-Drujkivka bölgəsində taktiki üstünlük qazana bilib.

Pokrovsk istiqamətində isə Rusiya ordusu kiçik qruplar halında, əkin sahələri və meşə zolaqlarından istifadə edərək hücumlara cəhd edir. Ukraynalı komandirlərin məlumatına görə, bəzi hallarda rus bölmələri 10 nəfərlik qruplarla irəliləməyə çalışır, hücumları isə yaxın məsafədə yerləşən pilotsuz uçuş aparatları dəstəkləyir.

ISW-nin hesabatında qeyd olunur ki, Moskva hərbi əməliyyatları dayandırmaq niyyətində deyil və ABŞ-ın sülh çağırışlarına baxmayaraq hücumları davam etdirir. Analitiklər həmçinin bildirirlər ki, Rusiya hücumlarının intensivləşməsi ilə yanaşı, onların hədəfi çox vaxt mülki ərazilərə yönəlir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?