Fransa Prezidenti Emmanuel Makron ölkənin son onilliklərdə yaşadığı ən dərin siyasi böhranla üz-üzədir.
Baş nazir Fransua Bayrunun istefası və parlamentin hökuməti büdcə kəsiri ilə bağlı siyasətinə görə dağıtması Makronun əlini daha da zəiflədib.
Modern.az-ın məlumatına görə, o, son iki ildə dördüncü dəfə baş nazir təyin edəcək.
Fransa konstitusiyası 1958-ci ildə sabit idarəçilik üçün güclü prezident sistemi üzərində qurulsa da, hazırda Makron parçalanmış parlament fonunda faktiki olaraq manevr imkanlarını itirib. Nə mərkəzçi qüvvələr balansı qoruyur, nə də geniş koalisiya qurmaq ənənəsi var.
Ekspertlərə görə, Makronun qarşısında bir neçə çıxış yolu var, amma onların heç biri asan deyil. Müdafiə naziri Sebastyan Lekornu kimi hökumət daxilindən yeni baş nazir təyin etmək ictimai narazılığı daha da artıra bilər. Sosialistlərlə əməkdaşlıq isə Makronun iqtisadi irsini sual altına qoyacaq, çünki onlar zənginlərin daha çox vergiyə cəlb edilməsi və pensiya yaşının azaldılması kimi siyasətləri müdafiə edirlər.
Digər ehtimal növbədənkənar seçkilərdir ki, bu, Makron üçün ən riskli variantdır. Sorğular göstərir ki, Marine Le Penin Milli Birlik Partiyası daha da güclənəcək, Makronun partiyası isə daha çox mandat itirəcək. Le Pen hətta parlamentin tez bir zamanda buraxılmasına çağırış edərək siyasi “fədakarlığa” hazır olduğunu bildirib.
Fransada bəzi dairələr “Altıncı Respublika”ya keçid və konstitusion islahat tələb edir. Lakin bu dəyişikliklərin idarəçiliyi daha sabit edəcəyi sual altındadır. Makronun istefasını məcburi edən hüquqi mexanizm yoxdur, amma artan narazılıq fonunda küçə etirazlarının güclənməsi istisna edilmir.
Makron son çıxışlarında referendum ideyasını gündəmə gətirib. Analitiklər isə xəbərdarlıq edirlər: belə bir addım 1969-cu ildə Şarl de Qollun taleyini təkrarlaya bilər, o, referendumda məğlub oldu və ertəsi gün istefa verdi.
Elnur Əmirov