Modern.az

Türkiyə ilə Ermənistan arasında görüş Sərhədlər açıla bilər

Türkiyə ilə Ermənistan arasında görüş - Sərhədlər açıla bilər

Dünya

9 Sentyabr 2025, 16:40

Ermənistan və Türkiyənin Xüsusi nümayəndələrinin görüşü olacaq. Görüşün olacağını rəsmi İrəvan təsdiqləyib. Xatırldaq ki, bundan əvvəl Türkiyə mətbuatı xüsusi nümayəndələrin Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşlərini keçirəcəkləri barədə məlumat yayıb.

Görüşün nəticələrinin necə olacağı diqqətçəkir. Əsas məsələlərdən biri işçi qruplarının sərhədlərin açılması ilə əlaqədar razılığa gəlib-gəlməyəcəyidir.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, sülh müqaviləsi imzalanmadığına görə Türkiyə Ermənistanla sərhədlərin açılmasına tələsmir:

“Azərbaycan torpaqları işğal altında olan müddətdə üç dövlət - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Ermənistanı rəsmən tanımayıb. Onların Ermənistanla diplomatik münasibətləri yoxuydu. Türkiyənin Ermənistanla sərhədləri də bağlıydı. Amma İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra, artıq bu 3 ölkə Ermənistanla təmasları məsələsi gündəmə gəlib. Biz buna etiraz etmədik, çünki artıq məsələmizi həll etmişik. Ermənistan əsas Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Bir müddətdir ki, təmaslar davam edir, Türkiyə ilə Ermənistan rəsmiləri arasında görüşlər keçirilir. Amma Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadığına görə, Ermənistanla sərhədi açmağa Türkiyə tələsmir".

Politoloq vurğulayıb ki, dialoqun genişlənməsi də, sərhədlərin açılması da mümkündür:

"Təmaslar intensivləşib. Və ilk dəfə Türkiyə nümayəndə heyəti sərhədin sıfır nöqtəsinə Ermənistana tərəf keçəcək. Dialoqun genişlənməsi də, sərhədlərin açılması da mümkündür. Bu problem deyil, əksinə mən düşünürəm ki, Ermənistanın Türkiyə ilə nə qədər çox münasibətləri qurulsa və Azərbaycanla da sülh müqaviləsi imzalayıb, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanla da  müxtəlif ticarət, iqtisadi əlaqələr yaransa, bu, Ermənistanla yanaşı Azərbaycan və Türkiyənin də xeyrinə olacaq. Ermənistanın Rusiya və İranın təsirindən uzaqlaşdırmaq və Türkiyə ilə Azərbaycanın maraqları çərçivəsində fəaliyyət göstərməsini təmin etmək lazım gələcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?