Modern.az

Putin döyüşdən qayıdan hərbçilərdən NARAHATDIR

Putin döyüşdən qayıdan hərbçilərdən NARAHATDIR

Dünya

9 Sentyabr 2025, 21:33

Rusiya prezidenti Vladimir Putin Ukraynadan geri dönən hərbçilərin ölkədə ciddi problemlərə səbəb ola biləcəyindən narahatdır.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Üç mənbənin agentliyə bildirdiyinə görə, Kreml veteranların cəmiyyətə inteqrasiyasının çətinliyi, onların kriminal keçmişi və müharibədən sonra kəskin gəlir itkisi riskləri barədə ciddi müzakirələr aparır.

Putin vəziyyətin SSRİ-nin Əfqanıstandan çıxmasından sonrakı illəri xatırlada biləcəyini düşünür. Həmin vaxt müharibə veteranlarının bir qismi cinayətkar qruplaşmalara qoşulmuşdu. İndi isə bu təhlükə daha geniş miqyas alır. Ukrayna müharibəsinə 120-180 min məhbusu cəlb edilib və onların bir qismi geri döndükdən sonra ağır cinayətlər törədib.

Ekspertlər bildirirlər ki, cəbhədə yüksək maaş və bonus alan hərbçilər mülki həyatda həmin qazancı əldə edə bilməyəcəklər. Bu isə narazılıq və sosial gərginlik yarada bilər. Digər tərəfdən, Kremlin siyasi sisteminə də təhlükə var. Putin artıq 2023-cü ildə “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamı zamanı müharibə iştirakçılarının hansı xaosu törədə biləcəyini görüb.

Risklərin qarşısını almaq üçün hakimiyyət yeni təbliğat proqramı işə salıb. Məqsəd veteranları “ölkənin gələcək elitası” kimi təqdim edərək dövlət strukturlarına cəlb etməkdir. Onlara regional parlamentlərdə, Prezident Administrasiyasında və Federasiya Şurasında yerlər verilir.

Britaniyalı politoloq Mark Qaleotti hesab edir ki, 1,5 milyondan çox rus Ukrayna müharibəsinə cəlb olunub. Onun sözlərinə görə, veteranların sayı Əfqanıstan müharibəsindən dəfələrlə çox olacaq və bu, ölkə üçün “əsl çətin dövr” yarada bilər.

Vaşinqtondakı İnstitutun direktoru Qreqori Feyfer isə qeyd edir ki, Ukrayna müharibəsi Əfqanıstan müharibəsindən qat-qat qanlıdır: orada 15 min sovet əsgəri həlak olmuşdusa, Ukraynada təsdiqlənmiş rus itkiləri artıq 125 mini keçib, ümumi itkilər isə bir milyona yaxın hesablanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?