Sentyabrın 8-də Nepalda sosial şəbəkələrin bloklanması etirazlara səbəb olub. İğtişaşlarla müşayiət olunan etirazların əsas hərəkətverici qüvvəsi gənclərdir.
Modern.az-ın məlumatına görə, iğtişaşlar zamanı 22 nəfər həlak olub, yüzlərlə yaralı var.
Nepalın baş naziri Şarma Oli ölkədə kütləvi etirazların qarşısını ala bilmədiyi üçün istefa verib.
“Z nəslinin inqilabı” adlanan etirazların başlamasına səbəb hökumətin "Facebook", "Instagram", "WhatsApp", "YouTube", "X", "Reddit" və "LinkedIn"ə qadağa qoymaq qərarl olub. Qərarla razılaşmayan gənclər küçəyə axışıb. Lakin etirazçıların əsas tələbləri bununla yekunlaşmayıb, onlar tezliklə korrupsiya əleyhibə şüarlar səsləndiriblər və hökuməti istefaya çağırıblar.
Gənclər uzun müddətdir korrupsiya, siyasi elitanın imtiyazlı həyatı və işsizlikdən narazılıq edirdilər. Sosial şəbəkələrin bağlanması isə stəkanı daşıran son damla olub. Hakimiyyət buna “dezinformasiya və fırıldaqçılıqla mübarizə” adı versə də, gənclər bunu söz azadlığının boğulması kimi qiymətləndiriblər.
Etirazçılar Katmanduda parlament binasına yürüş edərkən polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Qəzəblənən kütlə baş nazirin şəxsi evini və bəzi nazirlərin mülklərini yandırıb, dövlət binalarını dağıdıb. Katmandu hava limanı da yaxınlıqdakı yanğınlar səbəbindən bağlanıb.
73 yaşlı Oli prezident Ramçandra Paudelə ünvanladığı məktubda “ölkədə vəziyyəti sakitləşdirmək və siyasi yolla həll tapmaq” üçün istefa verdiyini bildirib. Prezident artıq yeni baş nazirin seçilməsi üçün danışıqlara başlayıb.
Etirazların təşkilatçıları hərəkatı “Z nəsli inqilabı” adlandırır. Onların fikrincə, bu hərəkat korrupsiyaya və hökumətin iqtisadi iflasına qarşı gənclərin üsyanıdır.
Nepalda 2008-ci ildə monarxiyanın devrilməsindən bəri siyasi sabitlik təmin edilməyib. Oli isə son 17 ildə dörd dəfə baş nazir kürsüsündə oturub. İndi isə ölkə yenidən qeyri-müəyyənlik və xaosa sürüklənib.