Modern.az

Azərbaycanda 3 gündən artıq qalmaq istəyən əcnəbini nə gözləyir?

Azərbaycanda 3 gündən artıq qalmaq istəyən əcnəbini nə gözləyir?

Dünya

25 İyul 2014, 18:42

“Moskvada yaşayıb-işləyirəm, ailəm isə burdadır, Kürdəxanıda. Qızımın toyudur, işdən bir həftəliyinə ancaq çıxa bilmişəm. Bu dəqiqə bütün qohum-qardaş bizdədir, toya hazırlıq gedir. Mən isə şəhərə gəlib miqrasiyada növbədə dayanmışam”.

Bunu Dövlət Miqrasiya Xidmətində qeydiyyat üçün növbəyə duranlardan biri deyirdi. Elman Məmmədov adlı bu şəxs 10 ildən artıqdır Rusiyada yaşayır. Deyir ki, oradakı miqrantlara həddən artıq problem yaradıldığına görə Rusiya vətəndaşlığını qəbul edib. Amma bundan sonra öz vətənində problemləri başlayıb.

“Yeni qanun qəbul edilibmiş, Azərbaycana gələnlərin hamısı 3 gün ərzində qeydiyyata düşməlidir. Keçən dəfə uşaqların yanına gəlmişdim, bu qanundan xəbərim yox idi. Gedəndə aeroportda problem yarandı, cərimələdilər, elə bilet pulu qədər cərimə ödədim. İndi vaxtım olmasa da,  gəlib növbəyə dayanmışam ki, sənədi əlimə alım. Yalan deyə bilmərəm, hörmət-filan istəyən yoxdur, kimin sənədləri düzdürsə, qəbul edilir, amma 3 günlük müddəti keçənlərə problem yaradırlar”.

3 gün ərzində qeydiyyata düşməlisən

E.Məmmədovun bəhs etdiyi yeni qayda Miqrasiya Məcəlləsinin 21-ci maddəsidir. Bu maddəyə əsasən, Azərbaycanda 3 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin sahibi bu şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir. Bu məqsədlə qeydiyyat haqqında ərizə-anketi və onun pasportunun surətini, həmçinin özünün şəxsiyyət vəsiqəsinin surətini  DMX-yə şəxsən, yaxud poçtla və ya elektron poçt vasitəsi ilə təqdim etməlidir. Bunu miqrantın özü də edə bilər.

Qeydiyyat olmasa 300 manat cərimə

Ərizə təqdim olunduqdan sonra Dövlət Miqrasiya Xidməti (DMX) dərhal əcnəbi barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil edir, onu olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Bu xidmət pulsuzdur, yəni qeydiyyat üçün dövlət rüsumu ödənilmir. Bu şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əgər qeydiyyata düşməzsə, onda əcnəbi üçün məsuliyyət yaranır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə görə, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qeydiyyatsız yaşamasına, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə onlar 300  manatdan 400 manatadək miqdarda cərimə edilir, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılırlar.

Məsələnin digər tərəfi, Azərbaycana gələn şəxslərin əksəriyyətinin bu qaydadan bixəbər olmasıdır. Yenə əcnəbilər başqa ölkəyə gəldiklərindən, qayda-qanunlarla maraqlanırlar, saytlarda forumları oxuyurlar. Amma MDB ölkələrində yaşayan soydaşlarımız üçün bu qayda tam yenilik olur. Bu cür anlaşılmazlıqların qarşısını almaq üçün hökumət bir sıra maarifləndirmə aksiyaları keçirir. Məsələn, bu yaxınlarda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin xətti ilə paytaxtın avtobus dayanacaqlarında Xidmətin müxtəlif dillərdə təqdim etdiyi videoçarxlar və slaydların nümayişi başlanılıb. Həmin videomateriallar Beynəlxalq Aeroportda, Bakı Dəmir Yolu Vağzalında quraşdırılmış xüsusi monitorlarda da gün boyu yayımlanır. Bu məlumatlar Bakıdan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı dəniz limanlarına və əks istiqamətə reyslər həyata keçirən gəmilərində də DMX-nın təqdim etdiyi videoçarx və slaydlar nümayiş olunur.



1 gün əvəzinə 3 həftə sonra cavab verilib

Lakin bütün bunlar problemlərin qarşısını tam almağa yetərli deyil. Ekspertləri və turistləri daha çox narahat edən məsələlərdən biri də qoyulan müddətin az olması – 3 gün olması ilə əlaqədardır. Əslində, qanuna görə, qeydiyyat üçün müraciət edən miqranta dərhal və ya uzağı 1 iş günü ərzində cavab verilməlidir. Lakin praktikada heç də hər şey belə rahat alınmır. DMX-nə gələ bilsən, dərhal qeydiyyata düşə bilirsən. Lakin bunun üçün təxminən 1 saat növbəyə dayanmalı olursan. Təbii, mövcud variantlar arasında ən rahatı internetdir. Təəssüf ki, bu üsulun da çatışmayan cəhətləri var.

Bu ilin əvvəlində Nuranə Cəbrayılova Gürcüstandan gələn yeznəsinin sənədlərinin surətini internetlə DMX-nə göndərib, amma cavab almayıb. 3 gün gözlədikdən sonra Miqrasiya Xidmətinin qaynar xəttinə zəng vurub. Oradan deyiblər ki, internetlə müraciət həddən artıq çox olduğuna görə, hər kəsə dərhal cavab verə bilmirlər. Və əgər əcnəbi şəxs Azərbaycandan tez gedəcəksə, şəxsən idarəyə gəlib qeydiyyata düşmək lazımdır: “Dedim ki, neynək, mən gedərəm. Özüm ev sahibi kimi gedib qeydiyyat kağızını aldım. Yeznəm 1 həftə sonra çıxıb getdi. Gülməlisi odur ki, email poçtuma düz 3 həftə sonra bu sənədlərin cavabı gəldi. Heç qeydiyyata da almamışdılar. Cavab vermişdilər ki, sən demə, pasportun lazımi yox, səhv səhifəsini  skan etmişəm... Demək internetə ümid olmaq olmaz, gərək işini bərk tutub özün gedəsən”.

Bir ayda 100 mindən çox müraciət olub

Əslində, əcnəbilərin qeydiyyat üçün müraciətlərinə vaxtında baxılmaması təəccüblü deyil. Çünki bu proseslərin hamısı yalnız bir qurum- Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənir. Statistikaya nəzər salsaq, idarədə yaranan növbələrin, müraciətlərə gec cavab verilməsinin səbəbi aydın olur. Belə ki, DMX-nin mətbuat xidmətindən aldığımız məlumata görə, təkcə iyun ayı ərzində idarədə olduğu yer üzrə qeydiyyatla bağlı 100.660 nəfər əcnəbinin müraciəti qeydə alınıb. Bu isə gündə təxminən 3500 nəfərin bir idarəyə baş vurması deməkdir. Düzdür, DMX-nin regional bölmələri də fəaliyyət göstərir. Lakin sirr deyil ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti vaxtını Bakıda keçirir və qeydiyyat da paytaxtdakı mərkəzi idarədə aparılır.  



Məqsəd miqrantı qorumaqdır?

Yəqin ki, qanun qəbul edilərkən miqrasiya orqanlarına bu cür kütləvi müraciətlərin olacağı göz önünə alınmışdı. Elədirsə, həm dövlət orqanlarına, həm də Azərbaycana gələnlərə belə problem yaratmaq nəyə lazım idi?

Bu qaydanın tətbiqinin əsas səbəbi kimi dövlət təhlükəsizliyinin müdafiəsi qeyd olunur. DMX-in rəisi Firudin Nəbiyev qeyd edir ki, ölkədə olması leqallaşdırılmayan miqrantlar hər an müxtəlif təhlükə ilə qarşılaşa bilər. Onda isə onların qanunun tələblərinə riayət etməyən miqrantların hüquqlarını qorumaq müşkül bir məsələyə çevrilir. Digər tərəfdən, bu yolla həmçinin Azərbaycana gələ biləcək bəd niyyətli insanların, terrorçuların da planlarına mane olmaq məqsədlərdən biridir.

“Turist elə biləcək ki, total nəzarət altındadır”

Lakin Milli Məclis üzvü Qüdrət Həsənquliyev hesab edir ki, terrorçular Azərbaycana tam qanuni yollarla da gəlib öz işlərini görə bilərlər: “Guya təxribatçı viza alıb gələ bilmir bu ölkəyə? Onsuz da istər vizasız, istər viza ilə gələndə hamı sərhəd-keçid məntəqəsindən keçir, orada onu gömrükçülər, sərhədçilər yoxlayırlar.

Əvəzində belə bir qaydanın tətbiqinin mənfi psixoloji tərəfi var. Belə ki, həmin xarici turist elə biləcək ki, ölkəyə girən-çıxan hər bir şəxsə total nəzarət tətbiq olunur”.

Parlament üzvü hesab edir ki, qısa müddətli gələn turistlər üçün bu qayda tətbiq olunmamalıdır: “Azərbaycana 10 günlük gələn bir turist, xarici vətəndaş 3 gün Bakıda, 3 gün Gəncədə, 3 gün də Qəbələdə olacaqsa, 3 gün ərzində otelin rəhbərliyi, yaxud onun qaldığı yerin sahibi müvafiq dövlət orqanına məlumat verməlidir. Həmin məlumat veriləndə, artıq o, olduğu şəhərdən çıxacaq. Gələcək başqa şəhərə, oradan da 3 gün ərzində çıxacaq. Sonra bir də Bakıya qayıdıb təyyarə ilə uçub gedəcək”.

İrandan gəlib pulu burda xərcləyirdilər

Deputatın fikrincə, bəzi qonşu dövlətlər üçün vizanın tətbiqi Azərbaycanın turizm potensialının inkişafına mənfi təsir göstərəcək: “Bir tərəfdən Azərbaycanın regionda turizm mərkəzinə çevrilməsi üçün küllü miqdarda maliyyə xərcləyirik, digər tərəfdən bizə ən çox gəlib-gedən qonşu ölkələrin – Türkiyənin, İranın vətəndaşlarına viza tətbiq edirik. Azərbaycandan cəmi 45 kilometr aralıda yaşayan Təbrizli, Culfalı, Astaralı bura gəlmək üçün Tehrandan və ya Təbrizdəki konsulluqdan viza almalıdır. Halbuki şənbə, bazar günləri onlar buraya gəlirdilər, çadranı atırdılar, rahat gəzirdilər-dolanırdılar, ad günlərini qeyd edirdilər. Naxçıvanın bütün otellərində ancaq onlar yaşayırdılar. Görün nə qədər pul xərcləyirdilər burada? İndi biz onların böyük bir hissəsinin qarşısını aldıq.

Halbuki, torpaqlarımızı işğal altında saxlayan Rusiya ilə viza rejimimiz yoxdur. Köhnə totalitar ölkələr, kommunist ölkə olan Şimali Koreya kimi dünyadan, beynəlxalq aləmdən tam təcrid, izolyasiya olunmuş qapalı bir sistem qururuq?”

“Atasının yasına gələn adam durub qeydiyyat dalınca düşməlidir?”

Parlamentdə yəhudi icmasının nümayəndəsi Yevda Abramov qeydiyyat üçün qoyulan vaxtın çox az olduğunu hesab edir: “3 gün yox, niyə 1 həftə və ya 10 gün olmasın? İnsanlara şans verək ki, tələsmək məcburiyyətində qalmasınlar. Təsəvvür edin, hər hansı bir insan atasının, ya da yaxınının dəfn mərasiminə gəlib. Adət-ənənəyə, dünyasını dəyişmiş insana ehtiram göstərərək o, 6-7 gün yas mərasimində oturmalıdır. Bu adam 3 gün ərzində necə qeydiyyata düşsün? Azərbaycan vətəndaşı olmayan soydaşlarımız Azərbaycana 3 günlüyə anasını görməyə gəlirsə, anası 3 gün ərzində aparıb müəyyən quruma sənəd verməlidir ki, övladı bu evdə qala bilər, ya yox? ”

Milli Məclis üzvü deyir ki, miqrasiya xidmət orqanları bu qədər əcnəbi axını qarısında qeydiyyat prosedurunu vaxtında aparmaq iqtidarında deyil: “Xaçmazdakı miqrasiya idarəsi 5 rayona xidmət edir və digər regionlarda da belədir”.



Şəxsi evlərdə qalan əcnəbini qeydiyyata salan olacaq?

Hüquqşünas, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə məsələnin digər tərəfini qabardır - otel və mehmanxanada deyil, şəxsi evlərdə qalan əcnəbilərin məsələsini. Axı bəzən turistlər ucuz olması üçün dəbdəbəli otellərdə deyil, müvəqqəti kirayə verilən şəxsi  evlərdə qalırlar: “Hamı bilir ki, ev sahibi vergi ödəmək istəmədiyi üçün evində kirayə qalan adamı gizlətməkdə maraqlıdır. Böyük əksəriyyət icarə haqqını vergi orqanlarına ödəmir. Onlar öz xoşları ilə əcnəbini qeydiyyata almağa razı olmayacaq. Bu da son nəticədə ölkədən çıxanda həmin əcnəbiyə  problem yaradacaq”.

Proses çox sadələşdirilib

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli  isə bu prosedurda əcnəbiləri çəkindirəcək mürəkkəb bir şey görmür: “Əslində biz bu proseduru sadələşdirmişik. Qeydiyyat işini istər əcnəbi, istərsə də xüsusi mənzil sahibləri, istərsə də hansısa bir orqanın, müəssisənin, sanatoriyanın və ya mehmanxananın və sair rəhbərləri apara bilər. Yəni, bu məsələləri əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə hər hansı bir çətinlik, problem yaratmadan həll edə bilirik. Mən hesab edirəm ki, bu olduqca sadələşdirilmiş bir vəziyyətdir”. 

Bu şərtlərlə nə qədər əcnəbi gələr?

Sonda bir qədər də statistikaya baş vuraq. 2013-cü ildə Azərbaycana  900 min əcnəbi gəlib. Onlar arasında faiz etibarilə üstünlük Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarına aiddir. Gələnlərin 47,3 faizi Rusiyanın, 15,9 faizi Gürcüstanın, 11,5 faiz Türkiyənin, yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşür. Hələlik qeydiyyat haqqında qayda tətbiq olunandan bəri Azərbaycanda təxminən yarım milyon əcnəbi qeydiyyata alınıb.

Gələn il Azərbaycanı növbəti iri beynəlxalq tədbir gözləyir. Belə ki, Bakıda 2015-ci il Avropa oyunları keçiriləcək. Həmin tədbir ərəfəsində 100 minlərlə insanın Azərbaycana gələcəyi gözlənilir. Artıq indidən hər bir sahədə xarici qonaqları qarşılamaq üçün hazırlıqlar görülməyə başlayıb. Yaxşı olardı ki, xarici qonaqlara yalnız qonaqpərvərliyimizi, Bakının gözəlliyini deyil, həm də ölkədə onların problemsiz,  rahat hərəkət edə biləcəklərini nümayiş etdirməyi bacaraydıq.

F.Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi