Avqustun 10-da keçirilən seçkidə qalib gələn indiki baş nazir, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayib Ərdoğanın avqustun 28-də Türkiyənin 12-ci prezidenti kimi fəaliyyətə başlayacaq.
Təbii ki, prezident seçkilərindən sonra Türkiyənin siyasi tarixində köklü dəyişikliklərin baş verəcəyi ilə bağlı ehtimallar da gündəmə gəlib. Məsələn, baş nazirin müavini Bülənt Arınç Türkiyənin prezidentli respublika olacağına diqqət çəkib. Maraqlıdır, Türkiyənin prezidentli respublika olacağı təqdirdə ölkənin siyasi həyatında hansı proseslər gözlənilir?Politoloq Qabil Hüseynli Modern.az-a deyib ki, yaxın günlərdə Ərdoğan özünə uyğun və özünün itaətində olan şəxsi baş nazir edəcək: “Uzun illər parlamentli respublika olan Türkiyə əslində prezident üsul-idarəsi ilə, yəni Ərdoğan tərəfindən idarə ediləcək. Siyasi sistemin dəyişilməsi üçün mütləq referendum keçirilməlidir. Yaxın 3-5 ay ərzində referendum keçiriləcək. Beləliklə, parlament siyasi sistemindən prezident üsul-idarəsinə keçirilməsi haqqında qərar qəbul edilə bilər. Türkiyə kimi ənənəvi parlament üsul-idarəsi ilə idarə edilən və siyasi plüralizmi saxlayan çoxpartiyalı sistemin formalaşmasına kömək edən sistemdən, birdən-birə hər şeyin bir əldə cəmləşdiyi və kollegial idarəçilikdən bir nəfərin idarəçiliyinə keçilməsi türklərin özünün dediyi kimi, padşahlıq sisteminə gətirib çıxaracaq. Bu, avtoritarizmi də gücləndirəcək. Son zamanlar baş nazirin özü tamamilə avtoritarizmə meyllənmişdi.
Prezident seçildikdən sonra Ərdoğan dedi ki, müxalifəti də dəyişmək lazım gələcək. Görünür, Ərdoğan elə hesab edir ki, erməni, kürd, Suriya məsələlərini həll edib, indi də ölkənin daxili müxalifət məsələsinə diqqət çəkməyi düşünür. Bu o deməkdir ki, Ərdoğan qarşısında Türkiyə xalqının iradəsini görmür və ona hörmət etmir. Açıq şəkildə müsəlman dünyasında öz demokratiyası ilə seçilən Türkiyəni avtoritar, totalitar bir rejimə aparıb çıxarmaq istəyir. Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ciddi parçalanmalara, qarşıdurmalara gətirib çıxaracaq. Türkiyə cəmiyyətinin güclənməsi əvəzinə, əksinə zəiflədəcək. Türkiyə bir növ müxtəlif hərbi düşərgələrə bölünəcək”.
Namidə BİNGÖL