Modern.az

Kraliçanın icazə ilə gələ bildiyi Britaniya parlamentinin binası - FOTOLAR

 Kraliçanın icazə ilə gələ bildiyi Britaniya parlamentinin binası - FOTOLAR

Dünya

20 Oktyabr 2014, 15:24


Böyük Britaniyanın paytaxtı London şəhəri bir çox tarixi-memarlıq abidələri ilə diqqət çəkir. Modern.az saytının məlumatına görə, ziyarətçi sayına və mənzərəli görünüşünə görə Vestminister sarayı şəhərin ən populyar abidəsidir. Temza çayının sahilində yerləşən Vestminister sarayı ilk növbədə Biq-Ben adlandırılan nəhəng saatlı qülləsi ilə diqqət çəkir. Burada ümumilikdə 3 qüllə var – Biq Ben, Viktoriya və Mərkəzi qüllə.
Böyük Britaniya parlamentinin hər iki palatasının - Lordlar və İcmalar palatasının iclasları məhz bu sarayda, Vestministerdə keçirilir. Buna görə bəzən Vestminister sarayını Parlament Evi də adlandırırlar. Saray hazırki görünüşünü 1834-cü ildə baş verən dəhşətli yanğından sonra alıb. Buna qədər Vestmimnister sarayının xarici və daxili görünüşü çox fərqli idi.

1087-ci ildə bu ərazidə ilk bina tikilib. 1066-cı ildə Britaniya adalarını fəth edən istilaçı Vilhelmin oğlu Vilhelm Rufus 1087-ci ildə burada Vestminister adı verdiyi nəhəng saray inşa edir. Əlavə tikililər və qüllələrlə sahəsini artıran saray 1265-ci ildə kral III Henrixin dövründə fəaliyyətə başlayan İngiltərə parlamentinin inzibati binasına çevrilir. 1295-ci ildəki islahatlardan sonra isə parlament varlı cəngavərlərin, zadəganların və kilsə xadimlərinin oturduğu Lordlar Palatası və sadə insanların seçki yolu ilə seçildikləri İcmalar Palatasına ayrılır. 1550-ci ildə Vestminister sarayının tərkibinə daxil olan Müqəddəs Stefan kopellası İcmalar Palatasının deputatlarının iclas keçirməsi üçün ayrılır. Beləliklə, 1834-cü ilə qədər Vestminister sarayı qanunverici orqanın hər iki platası üçün mərkəz rolunu oynayırdı. Lakin 1834-cü ildə baş verən dəhşətli yanğın nəticəsində sarayın Vestminister zalı (Lordlar Palatasının iclas zalı) istisna olmaqla, büyün saray külə çevrilir. Memar Çarlz Berriyə Vestminister sarayını yenidən bərpa etmək həvalə olunur. 1840-cı ilə qədər davam edən tikinti işləri zamanı Perri neoqotik üsluba üstünlük verir. Viktoriya, Biq-Ben və Mərkəzi qüllədən ibarət yeni memarlıq ansamblı Vestminister sarayına hazırki görkəmini verir. 62 metr hündürlüyündəki Biq-Ben qülləsində yerləşdirilən 7 metr diametrə malik məşhur saat isə uzun illər boyunca Londonun ən tanınan rəmzinə çevrilir. Maraqlıdır, Biq-Ben saatı 15 ton çəkiyə malikdir. Onun adı isə 1834-cü ildə təmir-tikinti işlərində fəal iştirak edən Bencamin Holun adı ilə bağlıdır.

Ümumiyytlə, Biq-Ben saatı həm də mərasim funksiyaları yerinə yetirir. Məsələn, əgər saatın üzərində işıq yanarsa, bu İcmalar Palatasının iclasının axşam saatlarında, Viktoriya qülləsi üzərində Britaniya bayrağı dalğalanarsa, bu İcmalar Palatasının gündüz iclas keçirəcəyini xəbər verir.

Vestminister sarayı bir də 1941-ci ildə alman aviasiyasının hava hücumlarından sonra təmirə bağlanır. Hava zərbələri nəticəsində İcmalar Palatasının yerləşdiyi zal tamailə darmadağın olur. Yalnız 1950-ci ildə, uzunmüddətli təmirdən sonra palata öz həmişəki zalında iclasa toplaşa bilib. Lordlar Palatasının iclas zalı isə təsadüf nəticəsində bombardmandan zərər görmür. Hazırda Vestminister sarayı 1800 kvadrat metr ərazidən, 1100 otaqdan, 2 iclas zalından, 100-dən artıq pilləkandan və 5 kilometrlik uzun dəhlizdən ibarət nəhəng kompleksdir. 

Lordlar Palatasının zalı İcmalar Palatasına nisbətən öz genişliyi və dəbdəbəsi ilə seçilir. Onun divarlarında orta əsr rəssamlarının portretləri, 1265-ci ildə ilk parlament iclasına toplaşan 18 baronun heykəli, palata sədri sayılan lord-kanslerin taxtı və tarixən Britaniya imperiyasının ticarət qüdrətinin əsas mənbəyi ipək dolu kisə və digər eksponatlar yer alıb. Lordlar Palatasının ənənəvi iclas zalının yaxınlığında Böyük Britaniya kraliçasının taxtı  və kral sarayına məxsus digər rəmzlər yerləşir.

Maraqlıdır ki, istənilən vətəndaş Böyük Britaniya parlamentinin iclaslarında iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçmək, yaxud telefonla zəng etmək kifayətdir. Bundan sonra, müəyyən olunan vaxtda Vestminister sarayına gələn vətəndaş zəruri yoxlamaları keçdikdən sonra parlamentdə xüsusi olaraq vətəndaşlar üçşün ayrılan yerlərdə sakitcə əyləşməlidir. Adətən, şənbə günləri və deputatların məzuniyyətdə olduğu vaxtlarda xarici turistlərin iştirak ilə parlamentə ekskusiyalar təşkil olunur. Lakin Biq Ben qülləsinə qalxmaq xarici turistlərə qadağandır və yalnız Böyük Britaniya vətəndaşlığı olan şəxslərə şamil edilir.   

Vestminister sarayında bir çox maraqlı adətlər də var. Onlardan ən məşhuru və təmtəraqlısı kraliçanın və bütün Nazirlər Kabinetinin iştirakı ilə palrmanet sessiyasının açılış mərasiminin keçirilməsidir. Çoxəsrlik adətə görə, İcmalar Palatasının deputatları dəvət etməyincə Britaniya kraliçası palataya daxil ola bilməz. Digrə bir adət isə 1605-ci ildə Qay Foksun planlaşdırdığı “barıt qiyamı” ilə bağlıdır. Ətrafına barıt yerləşdirməklə parlamenti partlatmağı planlaşdıran Foks Vestministerdə bununla bağlı yeni adətin yaranmasına səbəb olur. Hər il noyabrın 5-də, qiyamın ildönümündə sarayın mühafizəçiləri köhnə geyimdə və əllərində çıraq ətraf ərazilərdə barıt çəlləyi axtarırlar. Bu axtarış ciddi xarakter daşımır və çoxililk mərasim ənənənin davamı hesab olunur.  

Vestminisdter sarayı bütün Böyük Britaniya üçün həm qanunverici orqan, həm də tarixi qüdrətinin göstərici kimi böyük mənəvi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1987-ci ildə YUNESKO Vestminister sarayı və ona bitişik Müqəddəs Marqarita kilsəsi ümumdünya irsi siyahısına daxil edib.











Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi