Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov “Amerikanın səsi” radiosuna açıqlamasında Moskvanın Ukrayna prezidenti Pyotr Poroşenkonu gələn ilin sonuna qədər devirməyi planlaşdırdığını deyib.
Modern.az saytı “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Ali Radada Moskvanın göstərişlərinin yerinə yetirən deputat qrupu qanunverici orqanın işini pozmalı, daha sonra isə Poroşenkonu prezident kürsüsündən devirməlidir:
“Kreml hazırda daha hiyləgər və daha yaradıcı hərəkət edir. Bunun üçün ehtiyat resurslardan istifadə olunur. “Yaşıl insancıq”ların yerinə digər yaşıl arqumentlər gəlib”.
İllarionovun fikrincə, Avropa Birliyi və ABŞ Kremlin Ukraynadakı ambisiyalarının qarşısını ala bilmir və bu mənada yaxın 2 il həlledici olacaq:
“Yaxın 2 il, xüsusən də qarşıdan gələn qış, gələn ilin sonları məncə, ən təhlükəli vaxtlar olacaq. Çünki həmin vaxtlarda suveren Ukraynanın parçalanması proqramını gerçəkləşdirmək üçün bütün qüvvələr səfərbər ediləcək”.
İllarionov sonda bildirib ki. Vladimir Putin Ukraynaya dair planlarını yaxın 2 ildə, ABŞ-da prezidenti Barak Obamanın səlahiyyət müddəti bitənə qədər yekunlaşdırmaq istəyir.
Modern.az