Rusiya prezidenti Vladimir Putinin Asiya-Sakit Okean Birliyi ölkələrinin sammitində Çinin birinci ledisi Pen Liyuanın çiyinlərini lütfkarcasına şalla örtməsi həm Çin, həm də Qərb KİV-lərində geniş müzakirələrə yol açdı. Bununla yanaşı, amerikalı jurnalistlər sammit boyu prezident Barak Obamanın ağzında saqqız görülməsini də diqqətdən qaçırmadılar.
Modern.az ABŞ-ın məşhur “Wasington Post” qəzetinin Obamanın saqqıza olan sevgisini təhlil edən yazısını ixtisarla təqdim edir.
İyunda Barak Obama terapevt tərəfindən 3-cü dəfə hərtərəfli yoxlanışdan keçib. Hesabatda həkim prezidentin əla fiziki formada olduğunu, yalnızca onun tütünə olan zəifliyinin kiçik problem yaratdığını yazıb. Amma hesabatın davamında Obamanın nikotinli saqqızın köməkliyi ilə bu asılılıqdan qurtulduğu qeyd olunurdu.
Prezident ömrü boyu siqareti atmaq üçün mübarizə aparıb.
2009-cu ildə verdiyi müsahibə zamanı deyib: “Mən yeniyetməlik vaxtlarından siqaret çəkməyə başlamışam. Bilirəm ki, bu vərdişi erkən yaşlarından qazanan insanın siqareti tərgitməsi necə çətin olur”.
Amerika prezidentinin köməkçiləri Obamanın siqareti tərgitmək istəyini “bütün həyatının mübarizəsi” kimi qələm verirdilər.
Nəhayət, 2010-cu ilin ortalarında Obamanı müayinə edən həkimlər onun hələ də siqaret çəkdiyini müəyyən edirlər. Onda ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı, Ağ Evin həkimi Cefri Kulman prezidentə zərərli vərdişdən xilas olmaq üçün nikotin qatqılı saqqızdan istifadə etməyi məsləhət görür. Həmin gündən etibarən Barak Obama tez-tez saqqız çeynəməyə başlayır.
Amerika prezidentindən çox saqqız həvəskarı olan ikinci adam tapmaq çətindir. Obama Hərbi Hava Qüvvələrinin uçuşunu izləyərkən də, seçki kampaniyasının qızğın vaxtlarında da, İkinci Dünya Müharibəsinin başlanmasının 70 illiyi ilə bağlı rəsmi mərasimdə də saqqız çeynəməkdən vaz keçməyib. Asiya-Sakit Okean Sammitində Barak Obamanın hətta rəsmi görüşlərdə saqqızı ağzından çıxartmaması isə mühafizəkar dairələrin narazılığına səbəb olub.
Amerikalı jurnalistlərdən biri Çarlz Krauthammer: “Fikirləşin, dünyanın bütün xalqlarından ən çox çinlilər mərasimlərə, etiketə və diplomatiyaya həssas yanaşırlar. Bu adətlərin 3 min il yaşı var. Çində saqqız çeynəmək hörmətsizlik əlamətidir”.
Obamanı Çindəki səfəri zamanı saqqız çeynədiyinə görə media ilə yanaşı, əzəli rəqibləri Respublikaçılar Partiyası da sərt tənqid edib.
Lakin saqqıza görə prezidenti tənqid edənlər bir məqamı unudurlar. Çində saqqız çeynəmək çox populyardır. Dünyanın nə böyük saqqız istehsalçısı “Wrigley” şirkəti Çin saqqız bazarının 45 faizini nəzarətdə saxlayır. Hər çinli orta hesabla ayda 10 saqqız qutu alır. Bu isə ildə çinlilərin 14 milyard saqqız qutusu həcmində saqqız çeynədiyini göstərir. Ona görə də Obamanın siqareti tərgitmək üçün saqqız çeynəməsi bir o qədər faciəli hadisə deyil.
Vüqar İsmayılov