İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani “İraq Şam İslam Dövləti”nin (İŞİD) Səddamdan daha qəddar olduğunu söyləyib və beynəlxalq koalisiyadan ağır silah köməyi edilməsini istəyib.
Modern.az xəbər verir ki, France24 televiziya kanalının suallarını cavablandıran Bərzani bu ana qədər beynəlxalq koalisiyadan tələb etdikləri ağır silahları ala bilməməkdən şikayətçi olub: “Bu ana qədər aldığımız dəstək ehtiyacımızı qarşılayacaq səviyyədə deyil. Biz keyfiyyətli və əhəmiyyətli miqdarda ağır silah sistemlərinə ehtiyac duyuruq. Məsələn, zirehli vasitə daşıyıcısına və helikopterə ehtiyacımız var. Bu tip silahları bu ana qədər ala bilmədik”. Kobanidəki qarşıdurmalarla bağlı suala cavabında Bərzani deyib ki, İŞİD bu bölgədə zəifləsə də, ancaq tamamilə hərəkət qabiliyyətini itirməyib. İŞİD-i İraqın keçmiş lideri Səddam Hüseyndən daha təhlükəli gördüklərini qeyd edən Bərzaninin fikrincə, terror təşkilatı öz tərəfdarlarına da qəddarlıq edir: “Bu yeni-yeni bir taktika, yeni bir ideoloji döyüşdür. İŞİD barbar və qəddar bir terror təşkilatıdır, bunlar bizim döyüşdüyümüz Səddam rejimindən belə, daha qəddardır”.
Bölgənin gələcəyi ilə əlaqədar suala isə Bərzani belə cavab verib: “Kürdlərin öz gələcəyi ilə əlaqədar qərarı başqaları deyil, yenə özləri verəcəklər”.
Modern.az