Rusiyanın məşhur “KAMaz” şirkətinin bəzi məhsulları qanunsuz yolla Dağlıq Qarabağ separatçılarının ordusuna ötürülüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “KAMaz”ın 30-dən artıq yük maşını Dağlıq Qarabağdakı Ermənistan ordusunun hərbi hissələrini ərzaqla təmin etmək üçün istifadə olunur. Həmin yük maşınlarının kuzovuna quraşdırılan soyuducular vasitəsilə ərzaq Dağlıq Qarabağ boyunca yerləşən hərbi hissələrə paylanır. “KAMaz”lara quraşdırılan soyuducuların ABŞ istehsalı olduğu və “Thermo King” korporasiyasına məxsus olduğu da məlumdur. Baş ofisi Amerikanın Minnesota ştatının Bluminqton şəhərində yerləşən şirkət yük maşınları üçün müxtəlif idarəetmə sistemləri və soyuducular istehsal etməklə məşhurdur. Məhsulları Dağlıq Qarabağda peyda olan Rusiyanın “KAMaz” şirkəti yük maşınları və dizel mühərriklərinin istehsalında ixtisaslaşıb və bu sahədə dünyanın ən böyük 10 şirkətindən biridir.