Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından və Xalqların Demokratik Partiyasının (HDP) namizədi kimi Mersindən millət vəkili seçilən Dengir Mir Mehmet Firat bu dəfə keçmiş partiyasına qarşı parlamentdə mübarizə aparacaq. Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Firat deyib ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçki sahələrinə enməsi xalqda bir reaksiya meydana gətirdi: “Saraya yerləşməsi, sarayda dəbdəbəli pozalar verməsi xalqla olan əlaqələrini kəsdi”.
AKP-nin qurucularından biri olan və partiya rəhbərinin köməkçisi işləyən Firat ana dilində təhsillə əlaqədar o dövrün baş naziri, indiki prezident Ərdoğanla aralarında keçən mübahisədən sonra AKP-dən ayrılmışdı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın saraya çıxmasının AKP üçün mənfi təsir göstərdiyini iddia edən Firat deyib: “Dövlət başçısının seçki sahələrinə enməsi xalqda bir reaksiya meydana gətirdi. Daha əvvəlki təvazökar həyatı tərk etməsi, Subay evlərindəki iqamətgahından çıxıb saraya yerləşməsi, sarayda dəbdəbəli pozalar verməsi xalqla olan əlaqələrini kəsdi; amma xüsusilə kürd seçicidə reaksiya meydana gətirdi”.
Qütbləşmə siyasətinin vətəndaşlarda reaksiya yaratdığını vurğulayan Firatın fikrincə, Ərdoğanın qütbləşdirmə siyasəti elə bir nöqtəyə gəldi ki, insanlar “bu adam getsin də, necə gedərsə getsin” deməyə başladı.
“Bu seçkilər prezidentin bir özünə inam seçimi oldu. “Mənə güvənirsinizsə, mənə prezidentlik səlahiyyətini verəcək 400 vəkil verin” dedi, amma xalq ona inam səsi vermədi. 52 faiz səslə prezident seçilmişdi, bu seçkilərdə 12 faizlik bir eniş yaşadı. Xalq bunu söylədi: “Mən sənə güvənmirəm. Tərəfsiz deyilsən. Səlahiyyət də vermirəm”. Bu səbəbdən bundan sonrakı müddətdə dövlət başçısının özü mübahisəli vəziyyətə düşdü. Bu uğursuzluqdan sonra özü də hesab edirəm ki, lazım olanı edəcək”.
Firatın fikrincə, Ərdoğanın Konstitusiyanı məcbur edərək erkən seçkiyə sürükləməsi partiyasının sonu olar: “İlk olaraq AKP-yə hökuməti qurma imkanı veriləcək. O qura bilməzsə, bu imkan ikinci partiya olan Cümhuriyyət Xalq Partiyasına veriləcək; amma mən AKP-nin MHP ilə koalisiyaya gedəcəyi qənaətindəyəm. Biz HDP olaraq onsuz da koalisiya mövzusundakı fikrimizi açıqladıq. Koalisiyaya girməyəcəyik, amma yeni Konstitusiya və həll müddətinə dəstək verəcəyik. Bu Məclisin 4 ili tamamlayacağını soruşarsanızsa, deyərəm ki, xeyr tamamlayamayacaq. 2 il içində erkən seçki olacaq”.
AKP-nin paraçalanacağını iddia edən Firat fikirlərini belə davam etdirib: “AKP-nin içindən alternativ bir partiya çıxacaq. 2001-ci ildə qurulanda iştirak edən heyətlərin heç biri bu an orada yoxdu. 3 dövr maddəsi səbəbi ilə təmizlik edildilər. Bu səbəbdən yeni bir partiya qurulacağını düşünürəm. O zaman daha rəngli bir seçki olacaq. Çünki yeni partiya AKP elektoratında səs götürəcək və AKP ana müxalifət mövqeyinə gələcək”.
Modern.az