Türkiyə hava məkanının pozulması ilə bağlı bizi xəbərdar etmişdi. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Bununla belə SU-24 bombardmançı təyyarənin Suriya hava məkanında vurulduğunu deyən Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir saata yaxın telefonda danışdığını bildirib.
Nazirin sözlərinə görə, Çavuşoğlu Türk pilotların vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilmədiklərini söyləyib.
Təyyarənin vurulmasının əvvəlcədən planlaşdırıldığını iddia edən Lavrov təyyarənin düşdüyü bölgədə yalnız Türkmənlərin olmadığını, orada Rusiya üçün təhdid rolunu oynayan yüzlərlə rus mənşəli döyüşçünün olduğunu qeyd edib.
Çavuşoğlunun Türkiyə ilə Rusiya arasındakı dostluq əlaqələrinin davam etdirilməsini istədiyini bildirən Lavrov bunları söyləyib:
"Çavuşoğlu sərhəd pozuntusu edən təyyarənin vurulmasının Türkiyənin haqqı olduğunu söylədi. Bizə daha əvvəl etdikləri xəbərdarlıqları xatırlatdı. Bəli, Türkiyə həqiqətən də bizə xəbərdarlıq etmişd. Lakin bizim məlumatlarımıza görə, təyyarəmiz Suriya hava məkanında idi. Çavuşoğlu təyyarəmizin 17 saniyə Türk hava sahəsində olduğunu dedi".
Rus və Türk xalqları arasındakı dostluğun bu hadisələrə görə pozulmayacağını vurğulayan Lavrov Türkiyə ilə mövcud olan və üzərində çalışılan razılaşmaları ciddi şəkildə nəzərdən keçirəcəkləri mesajını verib.
"Türkiyə ilə müharibə etməyəcəyik" deyən Lavrov "Türk xalqına olan mövqeyimiz dəyişmədi. Bizi Türk hökumətinin addımları düşündürür. Biz qonşularımızın regional maraqlarına həmişə hörmətlə yanaşırıq" deyə bildirib.
Rusiya hökumətinin Türkiyə ilə əlaqələrin hamısını nəzərdən keçirən bir hərəkət planı üzərində çalışdığını bildirən Lavrov Türkiyəyə edəcəyi səfəri ləğv etdiyini xatırladıb.
"Hələlik Türkiyəyə səfər etmək və türkiyəli həmkarları Rusiyada qəbul etmək planımız yoxdur. Çavuşoğlu üçüncü bir ölkədə, hər hansı bir beynəlxalq toplantıda görüşməmizi və sakit şəkildə mövzuları müzakirə etməyimizə ümid etdiyini söylədi, mən isə etiraz etmədim", deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhədində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu bildirilir. 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24” bunlara məhəl verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Modern.az