ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib. Sanksiyalar Rusiyanın “VTB” və “Sberbank” banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib.
Bundan başqa, yeni siyahıya “VTB” və “Sberbank” banklarının qeyri-hökumət pensiya fondları və “VTB 24” bankı daxil edilib.
Sanksiya siyahısına həmçinin “Qals Development” şirkəti, “Novikombank” bankı, “Aviapriborostroyenie” konserni, “Sovremennıye texnologii”, “Oboronprom”, “Rosoboroneksport” və digər iri korporasiyalar daxil edilib.
Sanksiyalar həmçinin “Massandra” şərab zavodu və Yalta kinostudiyasına tətbiq edilib.
Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarının yeni siyahısına Krım şirkətləri də düşüb. Bunlar arasında "Yalta kinostudiya", "Massandra" və "Yuniversalavia" şirkətləri var. Həmçinin "Yandeks.Denqi" ABŞ sanksiyaları ilə üzləşib.
Qeyd edək ki, ABŞ Rusiyanın Krımı ilhaq etməsinə görə bundan əvvəl də bir neçə dəfə bu ölkənin məmurlarına və bəzi iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasında tətbiq olunub. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 200-dən çox adama şamil edilir.
Modern.az