Tailandda uyğur əsilli 2 Türkiyə vətəndaşının məhkəməsi keçiriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Bilal Məhəmməd və 25 yaşlı Yusif Mirəli avqustun 17-də Banqkokda 21 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən terror aktının icrasına görə həbs olunublar.
Avqustun 29-da Banqkokun şimal-şərq səmtində keçirilən əməliyyat zamanı Bilal Məhəmməd çoxsaylı partlayıcı qurğular və saxta sənədlər saxladığı mənzilində həbs olunub.
İstintaqın məlumatına görə, uyğur əsilli Türkiyə vətəndaşı partlayışdan 4 gün əvvəl Tailanda gəlib. Bilal Məhəmməd üzərində 5 kiloqram partlatıcı olan qutunu Banqkokun mərkəzindəki skamyalardan birinə qoyaraq ərazidən uzaqlaşıb.
Partlayıcını hazırlamaqda ona yardım edən Yusif Mirəli isə sentyabrın əvvəllərində Kombocadan Türkiyəyə uçmaq istəyərkən yaxalanıb. Dövlət ittihamçıları onların hər ikisinin günahlarını etiraf etməsinə görə terrorçulara edam hökmü deyil, ömürlük həbs cəzası tələb edəcəklərini deyib.
Türkiyə vətəndaşlarının terror aktını törətmə motivi isə hələ ki açıqlanmır.
Vüqar İsmayılov