“Legitimliyi olmayan prezidentlə yanaşı otura bilmərəm”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə ay öncə İŞİD-ə qarşı mübarizə üçün Rusiya, İran, İraq və Bəşər Əsəd hakimiyyətindən ibarət koalisiyaya qoşulmaq təklifini rədd etməsindən danışıb. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “ƏL Ərabiyə” telekanalına müsahibə verən Ərdoğan Əsədi legitim prezident tanımadıqları üçün koalisiyaya qoşulmadıqlarını deyib.
“Suriya, İran, İraq və Rusiya Bağdadda İŞİD-ə qarşı koalisiya yaratmışdılar və Türkiyəyə də təklif göndərmişdilər. Lakin mən Putinə dedim ki, legitimliyi sual altında olan prezidentlə (Bəşər Əsəd) yanaşı otura bilmərəm”.
Ərdoğan İranla ölkəsi arasında fikir ayrılıqlarının olduğunu desə də, bunun ikitərəfli münasibətlərə mənfi təsir göstərməməsini arzuladığını da deyib.
Türkiyə dövlət başçısı Yaxın Şərqdə məzhəb savaşının olmaması üçün bütün ölkələrin səy göstərməli olduğunu vurğulayıb.
Vüqar İsmayılov